Əvvəli bu linkdə: – https://elaz.info/7-oktyabr-gizlinləri-ii-hissə/
Fikrimcə, HƏMAS-ın yaranmasında MI-6-nın böyük rolu olub (o belə işlərdə mahirdir) və o vaxtdan HƏMAS-la etibarlı əlaqələri var. Lakin HƏMAS-ın güclənməsində İsrailin, xüsusən də Mossadın böyük rolu olub. Bu o demək deyil ki, HƏMAS Mossadla birgə işləyirdi. Xeyr, HƏMAS İsrailə qarşı FƏTH-dən daha radikal idi, hətta onlar FƏTH-i məhz İsrailə qarşı yumşaq mövqeyinə görə tənqid edir və bununla xalqın rəğbətini qazanırdılar. Həm də FƏTH-dən fərqli olaraq, HƏMAS İsraili bir dövlət kimi tanımırdı. İsrail HƏMAS-ın populyarlaşmasına dolayı yolla dəstək verirdi. Məsələn, İsrail fələstinli girovları və ya meyitləri qaytaranda onları FƏTH-ə yox, HƏMAS-a təhvil verirdi, əhali də bunu HƏMAS-ın nailiyyəti kimi qiymətləndirirdi. Bundan başqa, İsrail hətta Qətərdən xahiş etmişdi ki, Fələstinə maliyyə yardımları göstərsin. Qətər isə Britaniya kəşfiyyatının Yaxın Şərqdəki “baş qərargahı”dır. Bu əmirlik elə Britaniyanın Yaxın Şərqə nəzarəti üçün yaradılıb və indiyədək də ona görə qalıb. Fələstinə, xüsusən də Qəzzaya xaricdən birbaşa maliyyə yardımı etmək mümkün deyil, bu mütləq İsrail banklarından keçməlidir. İsrail xarici yardımları məhz HƏMAS-ın hesabına köçürürdü, o da maliyyə imkanlarına görə daha da güclənir və nüfuz toplayırdı.
Bu üsullarla, həmçinin İsrailin Qəzza işğalına qarşı silahlı mübarizəsinə görə HƏMAS yavaş-yavaş nüfuzunu artırırdı. 2004-cü ildə böyük nüfuzu olan Yasir Ərəfat öləndən və yerinə Mahmud Abbas kimi vecsiz biri gələndən sonra FƏTH sürətlə gözdən düşməyə başladı. 2005-ci il Fələstin Administrasiyasına seçkilərdə ümumi olaraq FƏTH qalib gəlsə də Qəzzada HƏMAS, İordanın Qərb Sahilində FƏTH səs çoxluğu qazandı. Yəqin ki, vəziyyətin belə olmasında, ən azı Qərb Sahilində FƏTH-in qalib gəlməsində İsrailin və Britaniyanın rolu az olmamışdı. Seçkilərdən sonra ideoloji fikir ayrılıqları səbəbindən HƏMAS və FƏTH arasında Qəzzada əsl silahlı münaqişə, terror müharibəsi başladı. 2007-ci ilin iyununda HƏMAS Qəzzada hakimiyyəti tam ələ keçirtdi, Fələstin Administrasiyası isə tam heyətdə Qərb Sahilinə köçdü. 2006-2007-ci illər ərzində baş verən daxili münaqişələrdə 600-dən çox fələstinli öldü. Daxili münaqişələrin aktiv fazası dayansa da passiv fazası (tək-tük terror hadisələri) 2011-ci ilədək davam etdi. Həmin ilin 3 mayında Qahirədə FƏTH, HƏMAS və daha 11 Fələstin hərəkatı və qruplaşması arasında atəşkəs imzalandı.
Bundan sonra Qəzzada hakimiyyətdə HƏMAS, İordanın Sağ Sahilində – FƏTH oldu. Qəzza parlamentində FƏTH deputatları, Ramallah parlamentində HƏMAS deputatları azlıqdadırlar.
Beləliklə, İsrail istəyinə çatdı – fələstinlilər həm ideoloji olaraq 2 düşmən cəbhəyə, həm də inzibati olaraq 2 bir-biri ilə əlaqəsi olmayan hakimiyyətə bölündülər. İndi də gördüyümüz kimi FƏTH-in nəzarətində olan ərazilərdə fələstinlilər Qəzzadakı fələstinlilərin taleyinə sanki biganədirlər. “İntifada” zamanında isə bütün fələstinlilər – həm Qəzzada, həm də Sağ Sahildə birgə mübarizə aparırdılar.
Bundan sonra İsrail onların hər biri ilə ayrılıqda mübarizə apara bilərdi.
Qeyd etdiyim səbəblərdən hesab edirəm ki, Qəzza sərhədlərindəki boşluqlar haqqında məlumatı HƏMAS-a MI-6 ötürüb. HƏMAS isə bu məlumata etibar edib. O vaxt da bir çox ekspertlər HƏMAS komandosunun Britaniya SAS-ı (xüsusi təyinatlı qüvvələr) kimi hərəkət etdiyini vurğulayır və onların SAS təlimatçıları tərəfindən hazırlandığını ehtimal edirdilər. Komandosun sərhədi keçmək üçün motorlu paraplaner və deltaplandan istifadə etməsi isə daha çox şübhə yaradır. Hücum zamanı bu qeyri-adi vasitələrdən istifadə olunacağını 11 il əvvəl “The Economist” necə proqnozlaşdıra bilib?!
Deməli, sərhəd boşluqları haqda məlumatı HƏMAS-a ingilislər verib. Əlbəttə, HƏMAS məlumatın doğruluğunu bir müddət test edib. Bundan sonra əməliyyatın hazırlanmasına başlanıb və hücum günü seçilib. Əməliyyatın hazırlanması haqda bir çox ölkənin kəşfiyyat xidmətinin məlumatı olub – 500 nəfərdən çox komandosun hazırlandığı əməliyyat haqqında qonşu ölkələrin kəşfiyyat xidmətlərinin heç bir məlumatı olmayıbsa, o xidmət ləğv edilməlidir. Sadəcə, əməliyyatın başlanma gününü çox az adam bilib və bu məxfi saxlanılıb. Lakin hər şeydən görünür ki, həmin tarix İsrailə əvvəlcədən məlum olub – ya MI-6 ötürüb, ya da İsrailin agenturası müəyyən edib (mən 1-ci ehtimala üstünlük verirəm).
Məncə, bu tarixi bildiyinə görə İsrail mindən çox gəncin iştirak edəcəyi Supernova musiqi festivalını məhz həmin tarixdə və hücumun planlaşdırıldığı yerin yaxınlığında keçirtmək qərarına gəlmişdi. Məqsəd bu olub ki, hücum edənlər dünyanın hər yerindən gəlmiş gəncləri öldürəcək və girov götürəcək – bunun sayəsində bütün ölkələr fələstinlilərin məhv edilməsində birbaşa maraqlı olacaq, İsraili müdafiə edəcəklər. Fələstinlilər festival iştirakçılarına hücum etməsəydilər də İsrail onları bunda günahlandırmaq üçün “B planı” işləmişdi.
Ardı olacaq…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi