İsrail Azərbaycan Faktorunu Nəzərə Almaq Məcburiyyətindədir

İsrail–İran müharibəsindən sonra İsrailin yeni eskalasiyaya gedəcəyi ehtimal edilirdi. Hələ İsrail–İran 12 günlük müharibəsindən əvvəl, Suriyada Türkiyə və ABŞ-ın birgə keçirdiyi əməliyyatla Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail yaranmış vəziyyətdən istifadə niyyətini gizlətmirdi. Hətta İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsəd rejiminin devrilməsində İsrailin də rolunun olduğunu bildirmişdi. Əslində, bu açıqlama ilə İsrail Suriyada möhkəmlənmək və Suriya hesabına ərazisini genişləndirmək niyyətini ortaya qoymuşdu.

Lakin Türkiyənin birbaşa müdaxiləsi, prosesi nəzarətə götürməsi və Suriyanın ərazi bütövlüyü ilə suverenliyinin qorunması xətti İsrailin Suriya ilə bağlı planlarını əngəllədi. Təbii ki, İsrail–İran müharibəsi İsrailin Suriya ilə bağlı məqsədlərini arxa plana keçirmişdi.

İsrailin Suriyaya hücumlarının bir neçə məqsədi var. Sözsüz ki, druzlar Suriyaya müdaxilə üçün vasitə kimi istifadə olunur. Druzlar və sünni bədəvilər arasında ərazi mübahisəsi və 200-dən çox insanın ölümü İsrailin siyasi və hərbi məqsədləri üçün fürsətlər yaradır.

İlk mərhələdə İsrailin məqsədi cənubda demilitarizasiya zonasının formalaşdırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsidir.

Məlumdur ki, 2024-cü ilin dekabrından etibarən İsrail Suriyanın cənubunu – Süveyda, Dəra və Quneytra əyalətlərini silahlardan təmizləməyi və bu bölgədə demilitarizasiya zonasının yaradılmasını tələb edir.

2025-ci ilin martında İsrail bu bölgələrə Suriyanın yeni keçid prezidenti Əhməd Əş-Şaaranın qüvvələrinin daxil olmasına qarşı çıxdı və hərbi əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar həm də cənub bölgəsindən əhalinin çıxarılmasına hesablanmışdı.

İsrailin Suriyaya hücumunun məqsədlərindən biri də Suriyada mərkəzləşmiş yeni hökumətin formalaşmasının qarşısını almaqdır. İsrail Suriyada kürdlərə və druzlara muxtariyyətin verilməsinə çalışır. Bu yolla Suriya mərkəzi hakimiyyətinin güclənməsinin qarşısını alır və gələcəkdə daxili qarşıdurmalar üçün zəmin hazırlayır.

Belə bir fikir də var ki, İsrail Suriyada İranla əlaqəli Hizbullah, Həşd, HTŞ və sair qrupların dirçəlməsi ehtimalını da məhv etmək istəyir.

İsrailin Suriyaya hücumları əslində “vəd edilmiş torpaqlar” konsepsiyası çərçivəsində “Böyük İsrail” planının tərkib hissəsidir. Bu planın reallaşması üçün isə İsrail regionda güc və nüfuz sahibi kimi qəbul edilməlidir. Demək, İrana, Yəmənə, Livana və Suriyaya hücumlar bu planın mərhələləridir.

İsrailin İranda Pəhləvi monarxiyasının bərpası planları etiraf edilməsə də, məlumdur ki, Rza Pəhləvi israilli hökumət dairələri ilə əlaqələri var. 2025-ci ilin iyununda keçirilən “Munich Convergence Summit”də Rza Pəhləvi İranın keçid hökuməti üçün lider kimi təqdim olunmuşdur.

Belə bir qənaət də var ki, Netanyahu iqtidarının hakimiyyətdə qalması üçün xarici hərbi toqquşmalar və müharibələr bir növ dayaq rolunu oynayır. Nəzərə alsaq ki, Netanyahu və onun kabinet üzvlərinin bəzilərinə qarşı beynəlxalq hüquqi təqiblər aparılır, bəzi ölkələr isə İsraillə əməkdaşlıqdan imtina edir və sanksiyalar tətbiq edir – bu halda müharibə və hərbi qarşıdurmalar Netanyahu hökumətinin hakimiyyətdə qalması üçün bir alətə çevrilir.

İsrail–Türkiyə hərbi toqquşması ehtimalına gəldikdə isə, bu ehtimal real deyil – həm güc balansı, həm də ABŞ və Böyük Britaniya faktoruna görə. Əgər İsrail ABŞ-a arxalanırsa, ABŞ İsrailə görə NATO müttəfiqi Türkiyə kimi bir güclə toqquşmaya getməyəcək. Həmçinin Böyük Britaniya ilə Türkiyə arasında inkarolunmaz müttəfiqlik münasibətləri mövcuddur. Yeri gəlmişkən, Böyük Britaniya və Almaniya arasında imzalanan əməkdaşlıq sazişi təkcə Avropada deyil, bütün dünyada yeni güc mərkəzi formalaşdıra bilər.

İsrail Azərbaycan faktorunu da nəzərə almaq məcburiyyətindədir. Bakının Türkiyə–İsrail və İsrail–Suriya danışıqlarına ev sahibliyi etməsi Azərbaycanın hər iki tərəfə təsir və nüfuzunu göstərir və nəzərə alınmalıdır.

İsrail–İran müharibəsindən sonra İran regionda mövqeyini əsaslı şəkildə itirib. Artıq bəllidir ki, İran nüvə silahı əldə etmək imkanını tamamilə itirib. Əbəs deyil ki, İran tərəfi nüvə danışıqlarının əhəmiyyətsiz olduğunu bildirir, ABŞ və İsrail isə bu danışıqları tezləşdirmək istəmir. İranın Ermənistan–Azərbaycan danışıqlarına və İsrail–Suriya gərginliyinə neytrallığı isə onun zəifləyən mövqeyinin nəticəsidir.

Bütün bunlar onu göstərir ki, İsrail və Türkiyənin regionda hökmranlığı artıq məcburi bir reallığa çevrilib.

Vüqar DADAŞOV

POLİTOLOQ

Bizimlə oxuyun
Verified by MonsterInsights