Bu gün tarix elmləri namizədi, görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisist, ictimai-siyasi xadim, İsrafil Məmmədovun (1927-2019) anım günüdür.
Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı rayonunda iyirmi-iyirmi beş evi olan Əmrəkar kəndində doğulan, dərslərini çıraq, bəzənsə Ay işığında oxuyub orta məktəbi əlaçı bitirən, rayonda komsomol komitəsinin ikinci, sonrasa birinci katib vəzifəsində çalışan, Bakıda Pedoqoji İnstitutu, İrəvanda ali partiya məktəbini bitirən, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi vəzifəsindən həmin qəzetin baş redaktoru, Ermənistan təhsil nazirinin birinci müavini vəzifəsinəcən yüksələn İsrafil Süleyman oğlu Məmmədov özəl səbr, təmkin, iradə, qapalı inad, güclü yaddaşı, sadəliyi, mehribanlığı və özəl zəhmətkeşliyi (!) ilə başqalarından seçilib.
200-dən çox elmi-publisistik məqalənin müəllifidir.
“Üç göyərçinim”, “Eldarın uşaqları”, “Bizim Əfəndiyev”, “Hicran, Körpüdən”, “Ömür yarpağı” hekayələri həm də erməni mətbuatında işıq üzü görüb. A.Gelmanın “Aləmlə üz-üzə”, Y.Onelin “Qarağaclar altında məhəbbət”, P.Pançevin “Əkizlər”, Ə.Əbubəkrin “Şuburumda dava-dalaş”, Q.Sundukyanın “Daha bir qurban” və başqa səhnə əsrlərini ana dilimizə çevirib. Erməni millətçiləri buna cavab olaraq 1968-ci ildə onun yaşadığı mənzili partladıblar.
İsrafil Məmmədov erməni-azərbaycanlı münaqişəsində İrəvanı sonuncu tərk edən türk olub.
Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olub.
1990-cı ildən sonra yazdığı kitablar :
“İrəvan dəftəri –2, sətirlənmiş duyğuların qəribsəyən sədası” 2004
“İrəvan dəftəri –1, ictimai fikir tariximizin qəribsəyən üfüqləri” 2007
“Ob istorii, iskonnıy zemle i qorkoy sudbe azerbaydjantsev, izqnannıx iz nıneşney respubliki Armeniya” 2009
“İrəvan dəftəri –3, teatr tariximizdən səhifələr” 2009
“Rus-Türk müharibələrində ermənilərin iştirakı” 2011
Prezident İlham Əliyevin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov “Dövlət Mükafatı”na layiq görülüb.
Allah rəhmət eləsin!
Etibar ƏLİYEV