Xırdalan şəhəri, Heydər Əliyev, bina 265-in ağır dərdi var.
ELAZ.İNFO xəbər verir ki, bu binanın çoxsaylı sakinləri son 5-6 ayda rahatlıq üzünə həsrət qalıb. Məlumat üçün bildirək ki, Viləşçay MTK”-nın rəhbəri İntiqam Hüseynovdur, amma binanın sakini olan atası İsrafil Hüseynov binanı öz şəxsi qanunları ilə idarə edir. Sakinlərin dediyinə görə “Bina sakinlərinin şikayətinə baxılmır, İsrafil kişini öz qanunları var”.
MTK faktiki olaraq öz fəaliyyətini başa vurub. Amma İsrafil Hüseynov və onun komandası binanı sakinlərə təhvil vermək istəmir, bina mənim obyektimdir” deyir. Müxbirimiz bina sakinləri ilə görüşdü, onların fikrini öyrəndi. Onları Sizə təqdim edirik:
Bina sakini Südabə Əhmədova: -“Binamız inşa ediləndən bəri burada heç bir təmizlik, təmir işləri aparılmayıb. Binada daxili elektrik naqillərinin üstü açıqdır, liftlərdə vəziyyət bərbaddır.
Qışın qarlı, şaxtalı soyuq günündə işığımızı, suyumuzu kəsdilər. Bina sakinlərini polisə verdilər. Ədalətsizdirlər. Onlar həm işığımızı kəsdilər, həm də bizi polisə apartdılar. Polis bunların nahaq olduğunu gördü, göstəriş verdi ki, işıqlar bərpa edilsin.Bunlar belə insafsız və zalımdırlar. Üzümü hüquq mühafizə orqanlarına tutub deyirəm ki, bizi bu ədalətsiz, şərçi adamlarıdan qurtarın”.
Bina sakini Rəsul Abasov: -“Biz pul verib ev almışıq. Düşünürdük ki, sərbəst, azad olaraq öz mənzilimizdə rahat yaşayacağıq. Amma MTK sədri İsrafil Hüseynov və tayfası bizim rahatlığımızı pozur, bizi stress, əsəb içində yaşadır. Məcburi olaraq öz qızını və yeznəsini binaya komendant və texnik olaraq təyin edib. Bu insanlar haqqını istəyən, yarıtmaz xidmətə görə gileylənən insanları təhqir edirlər, təzyiq göstərirlər. Biz buna qarşıyıq”.
Bina sakini: Günel Mahmudova:- “Bunlar bizə obyekt kimi baxırlar. Sabah da gəlib deyəcəklər ki, evdən çıxın, eviniz bizim obyektimizdir. Biz bu ailə komandasının idarəçiliyinə qarşı etiraz edirik. Hansı zamanda yaşayırıq? Haqq var, ədalət var. Aidiyyatı qurumlardan səsimizə səs vermələrini istəyirik”.
Bina sakini Gülbacı Yusifova:-“Mən də bu binanın sakiniyəm. Bina tikiləndən bu günə kimi binada heç bir təmir-tikinti işi aparılmayıb. Biz bina sakinləri olaraq özümüz öz binamızı idarə etmək istəyirik, amma binanı tikən İsrafil Hüseynov buna imkan vermir. O deyir ki, “bina bizim obyektimizdi. Biz Sizə binamızı idarə etməyə imkan verməyəcəyik. Binamıza obyekt, gəlir mənbəyi olaraq baxan bu şəxsin maddi maraq dairəsindən çıxmaq istəyirik, amma o bizə bu imkanı vermir. Hər ay yığılan kommunallar öz qızı, məcburi komendant Ülviyyə Hüseynovanın şəxsi hesabına yatırılır. Binanın həyətini bit-birə, siçan-mış basıb”.

Bina sakini “İlahə Əliyeva: -11 ildən yuxarıdır ki, bu binada yaşayırıq. Bu 11 ildə heç rahatlığımız olmayıb. Ötən ilin yayından etibarən biz evimizdə tüstü-duman içində yaşayırıq. 2-ci mərtəbədə fəalliyyət göstərən “Papaq” pabın tüstüsündən təmiz hava üzünə həsrətik. Dəfələrlə həm binanın rəhbərliyinə, həm komendatına, həm obyekt sahibinə müraciət etmişik- heç bir tədbir görülməyib. Tüstü qeyri-qanuni olaraq binanın havalandırma sisteminə qoşulub. Komendantla danışmağa qorxuruq- şantaj, təhqir baş alıb gedir. Biz bu komendatı istəmirik. Fəaliyyətini başa vurmuş MTK rəhbərliyinə müraciət etmişik. Bu vəziyyətin səbəbkarı şəxsən İsrafil Hüseynovdur. O binanı öz qanunları ilə idarə edir. Sakinlərin fikirləri, rahatlığı bu şəxs üçün maraqlı deyil”.
Bina sakini “Zərnişan Mustafayeva: “-Bizim öz halal və min bir əzabla aldığımız mənzilimizdə heç bir rahatlığımız yoxdur. Bu ailə mafiyasının özbaşınalığından bezmişik. Bizim müstəqil, azad ölkənin sakini olaraq seçmək, seçilmək hüququmuzu bu ailə şirkəti əlimizdən alır. Artıq yorulmuşuq, özbaşınalıq, yuxarıdan aşağı baxılmaq, baxımsızlıq bizi təngə gətirib”.
P.S. Mövzu ilə əlaqədar söhbətlərimiz, yazılarımız davam edəcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.
İslam MAHMUDOV