İşıqdan Mikroçipə Gedən Yol

Bugünkü rəqəmsal dünyanın arxasında elə elmi kəşflər dayanır ki, onlar olmasaydı nə müasir telefonlar, nə kompüterlər, nə də kosmik texnologiyalar bu səviyyəyə çata bilərdi. Bu kəşflərin ən əsaslarından biri işığın xassələrinin öyrənilməsi və onun texnologiyada tətbiqidir.

Elm göstərdi ki, işıq sadəcə ətrafı işıqlandıran enerji deyil. İşıq həm dalğa, həm də zərrəcik kimi davranır. Bu zərrəciklərə fotonlar deyilir. Məhz bu xüsusiyyətlər sayəsində alimlər həm kainatın uzaq ulduzlarını öyrənə bildilər, həm də atomdan daha kiçik ölçülərdə baş verən prosesləri araşdırmağa başladılar. Ulduzların bizdən nə qədər uzaqda olduğunu, onların temperaturunu və tərkibini belə məhz işığın xüsusiyyətlərini öyrənməklə müəyyən etmək mümkün oldu.

Amma işığın elmdəki rolu təkcə astronomiya ilə bitmədi. XX əsrin ikinci yarısında alimlər başa düşdülər ki, işıqdan istifadə etməklə çox kiçik elektron elementlər hazırlamaq mümkündür. Bu isə mikroelektronika inqilabının başlanğıcı oldu.

Elektronika inkişaf etdikcə mühəndislər tranzistorları getdikcə daha kiçik ölçüdə hazırlamaq istəyirdilər. Çünki tranzistor nə qədər kiçik olarsa, cihazlar bir o qədər sürətli və güclü işləyir. Lakin bir problem vardı: işıq təbiətcə yayılır və onu çox kiçik nöqtəyə yönəltmək asan deyildi.

Bu problem üzərində uzun illər müxtəlif laboratoriyalarda çalışan mühəndislər işlədilər. Niderlandda yerləşən və hamımızın tanıdığı Philips şirkətinin tədqiqat mərkəzləri də bu sahədə mühüm rol oynadı. Onların və digər Avropa laboratoriyalarının apardığı tədqiqatlar nəticəsində fotolitoqrafiya texnologiyası inkişaf etdi. Bu texnologiyada işıq vasitəsilə silikon lövhələrin üzərində mikroskopik sxemlər “çəkilir”.

Lakin daha kiçik tranzistorlar yaratmaq üçün adi işıq kifayət etmirdi. İşıq yayıldığı üçün onu çox kiçik nöqtədə saxlamaq çətin idi. Bu problemi həll etmək üçün Niderlandda yerləşən ASML şirkətinin mühəndisləri çox qısa dalğa uzunluğuna malik ultrabənövşəyi (EUV) işıq texnologiyasından istifadə etdilər. Bu işıq xüsusi güzgülər və vakuum sistemləri vasitəsilə dəqiq fokuslaşdırılır və nəticədə silikon lövhələr üzərində nanometr ölçüsündə sxemlər hazırlamaq mümkün olur.

Məhz bu texnologiya sayəsində tranzistorların ölçüsü getdikcə kiçildi və bu gün istifadə etdiyimiz telefonların, kompüterlərin və digər rəqəmsal cihazların əsasını təşkil edən mikroçiplər yarandı.

Bu gün texnologiyanın bu qədər sürətlə inkişaf etməsinin arxasında minlərlə alim və mühəndisin zəhməti dayanır. Onların işığın sirrlərini öyrənmək üçün atdığı addımlar müasir elmin və texnologiyanın ən mühüm təməl daşlarından birinə çevrildi.

Avtandil SADIQOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights