İranın nüvə obyektlərinin vurulması nəinki Cənubi Azərbaycanda, hətta Azərbaycan Respublikasında da radiasiya təhlükəsinin ciddi problem olduğunu reallaşdıra bilər. Buna görə də, telekanalizasiyaların xalqın başını zavr və xoşu kimilərlə, savadsız, boşboğaz politoloqlarla aldatması yerinə ciddi tədbirlər görülməli, Azərbaycan İranla qonşu olan digər dövlətlərlə birlikdə dünya ictimaiyyətinə, eləcə də BMT-yə birgə bəyanat hazırlayıb göndərməli və bu barədə yeni çağırışlar etməlidir.
Bu gün Azərbaycan mediasının əsas mövzusu İranın radiasiya böhranının ölkəmizdə ehtimal olunan faciəli nəticələrinin baş verməməsi üçün real və fəal informasiya təbliğatı aparmaqdır. İsrail-İran müharibəsi ölkəmiz üçün çox ciddi problemlər yaradıb. Hətta İrandan qaçqın axını radiasiya “axını” ilə müqayisə edilməyəcək səviyyədə zəif amildir.
Əgər bölgədə ikinci Çernobıl faciəsi baş versə bunun əsas günahkarları öncə İran özü, sonra isə İsrail və ona hər cür dəstək göstərən ABŞ və Böyük Britaniyadır! Ən yeni tarixdə baş verən müharibələrin böyük bir hissəsi (Dağlıq Qarabağ münaqişəsi istisnadır) ərazi mübahisəsi, etnik münaqişə, irqi və dini ayrı-seçkilik, millətçiliklə bağlı deyil, əsasən hərbi, siyasi və dini zəmində formalaşmış diktatura rejimlərinin devrilməsi ilə bağlıdır. Hətta Rusiya-Ukrayna münaqişəsi belə eyni soydan olan iki millətin ərazi mübahisəsindən yox, məhz Putinin diktatura rejiminin faciəli nəticələrindən qaynaqlanır.
Ümumiyyətlə isə müasir dövrdə diktatura anlayışı sonu faciə ilə bitən avtoritar rejimlərə verilən ümumi ad kimi qəbul oluna bilər.
Ramin ƏLİZADƏ