İran raketləri ilə bağlı bəzi əlavə məqamları da nəzərdən keçirək.
Əvvəlki hissədə qeyd etmişdik ki, İranın zəif cəhətlərindən biri onun raket buraxma qurğularının (RBQ) sayının məhdud olmasıdır. İsrail sistemli şəkildə onları aşkar edir və raket zərbələri ilə sıradan çıxarır. Bu halda İranın raketləri nə qədər çox olsa da onları ata bilməyəcək.
Lakin İranın internetdə yaydığını bəzi videolardan görünür ki, onun bunkerlərində kifayət qədər mobil RBQ-lər var (video). Həmçinin İsrailin də sıradan çıxartdığı RBQ çox deyil. Hətta bəzi analitiklər İsrailin yaydığı videogörüntüləri müqayisə edərək, aşkar ediblər ki, İsrail sıradan çıxartdığı eyni RBQ-ni müxtəlif rakurslardan çəkərək fərqli RBQ kimi təqdim edir (şəkil 1).
Bunkerlər İran raketlərini İsrail zərbələrindən etibarlı şəkildə qorusa da (hələ də hər hansı raket arsenalının partlamasını sübut edən foto və ya video sübut təqdim edilməyib) bunkerlərin də zəif yerləri var. Bu onların çıxış nöqtələridir (qapıları). RBQ məhz bu qapılardan çıxır, atəş mövqeyinə gəlir, atəş açır və yenidən bunkerə qayıdırlar. Bunkerin qapısı bağlanarsa, nə RBQ-nin, nə də raketlərin faydası olmaz. Buna görə də İsrail və Qərb kəşfiyyatı əvvəlcədən bütün belə bunkerlərin yerlərini müəyyənləşdirib və hazırda onların qapılarına mütəmadi olaraq aviazərbələr endirilir.
İndi şəkil 2-yə baxın. Xəritədə İranın raket bazaları (bunkerləri) və İsraildən məsafə radiusları göstərilib. Burada:
qırmızı nöqtələr – bunkerlər,
göy dairələrdə – İsrailin artıq zərbələr endirdiyi bunkerlər,
sarı dairələrdə – İsrailin hazırda zərbələr endirdiyi bunkerlərdir.
Şəkildən göründüyü kimi, İsrail özünə ən yaxın bunkerlərin çıxışlarını uçurdur. Ona görə ki, hələlik İsrail aviasiyası İranın yalnız qərb və mərkəzi hissələrinə zərbələr endirə bilir. Çünki İsrail təbliğatına baxmayaraq, İranın hava sərhədlərinə daxil ola bilmir.
Lakin bu bunkerlərin bağlanması İran üçün çətin vəziyyət yarada bilər. İran raketlərini elə yerləşdirib ki, bunker İsraildən nə qədər uzaqdırsa, oradakı raketlər də, əsasən, həmin məsafəyə uça bilən raketlərdən və müvafiq RBQ-lərdən ibarətdir (cədvəl-şəkil 3).
Raketin uçuş məsafəsi nə qədər çoxdursa, onun istehsalı daha baha başa gəlir və sayı az olur. Şəkil 2-dən görünür ki, İranın 1600 km-lik raket bazalarının hamısı İsrail zərbələrinə məruz qalıblar. Raketlərin çoxu da məhz bu bazalardadır. İranın getdikcə daha az raket atmasının, həmçinin daha bahalı və uzunmənzilli raketlərdən istifadə etməsinin səbəbi həm də bu ola bilər.
Bundan başqa, İranın 1600 km-dən çox məsafəyə uçan raketlərinin hamısı (“Sacil” istisna olmaqla) maye yanacaqla işləyir. İran bərk yanacaq texnologiyasını təzəlikcə mənimsəyib. Maye yanacaqlı raket uzun müddət saxlana bilmir, istismarı təhlükəlidir və atışa hazırlığı çox vaxt tələb edir – bu isə RBQ-nin düşmən tərəfindən vurulma şansını artırır.
Buracan İranın raket imkanlarının zəif cəhətlərini qeyd etdim. Amma əminliklə demək olmaz ki, İran bu zəif cəhətlərini nəzərə almayıb. Məsələn, bunkerlərin bir yox, bir neçə çıxış yerləri, dağılmış çıxışların sürətlə bərpa edilməsi texnologiyası ola bilər. Bunu artıq Yəməndə görmüşük. ABŞ təyyarələri husilərin raket bunkerlərini nə qədər bombalasalar, çıxışlarını dağıtsalar da onların raket buraxmasına mane ola bilmədilər. Nəzərə alaq ki, husilər üçün bunkerləri iranlılar tikmişdi.
Hətta əgər bunkerlərin bütün çıxışları dağıdılsa da onları bərpa etmək üçün İrana az müddət tələb olunur. Yəni əgər İranla sülh və ya atəşkəs danışıqları olarsa, o qısa müddətə öz raket arsenallarına sahib çıxa biləcək. Buna görə də İsrailə və ABŞ-a İranla sülh bağlamaq sərf etmir, onlar İranın məğlub olması istəyirlər – yalnız bu halda onlar İran ərazisinə sərbəst girib, raket bazalarını bunker bombaları ilə dağıda bilərlər.
İranı isə məğlubiyyətə razı olmağa məcbur edə bilməyəcəklər.
Ardı olacaq…
Asif ŞƏFƏQƏTOV