İranda milli azlıqlara, xüsusilə türk soylu Qaşqay icmasına qarşı rejim qüvvələrinin amansızlığı davam edir. Son günlər Şiraz əyalətində iki yeniyetmə Qaşqay türkü hökumət qüvvələrinin birbaşa hədəfinə çevrilərək həyatını itirib.
ELAZ.İNFO “QayıNews” və “BaydaqNews” platformalarına istinadən xəbər verir ki, qətllər həm etiraz aksiyaları zamanı, həm də birbaşa silahlı müdaxilə nəticəsində törədilib.
Caber Pənahi: 16 yaşlı Qaşqay yeniyetməsi Şiraz əyalətinin Çenarşican şəhərində rejim qüvvələri tərəfindən hədəfə alınıb. O, hadisə yerindəcə keçinib. Əbülfəz Heydəri Musulu: 17 yaşlı yeniyetmə yanvarın 8-də Qır şəhərində keçirilən etirazlar zamanı İnqilab Keşikçiləri Korpusunun (SEPAH) birbaşa atəşi ilə qətlə yetirilib.
Öldürülən yeniyetmələrin ailələri təkcə övlad itkisi ilə deyil, həm də rejimin ağır təzyiqləri ilə üz-üzə qalıblar. Ailəyə yaxın mənbələrin verdiyi məlumata görə, Əbülfəzin cəsədi yalnız o şərtlə təhvil verilib ki, ailə övladlarının etirazlarda öldürüldüyünü inkar etsin.
Bundan əlavə, dəfn mərasiminin izdihamlı keçəcəyindən və etirazların böyüyəcəyindən qorxan hakimiyyət orqanları cəsədi təhvil verməkdən imtina edərək, mərasimin vaxtını dəyişməyə məcbur ediblər.
Bu hadisələr bölgədə Qaşqay türkləri arasında ciddi narazılığın və gərginliyin daha da artmasına səbəb olub.
Ruslan MƏMMƏDOV.