Belə bir məşhur ifadə var, yəqin ki hamınız eşitmisiniz: “Qonşuluq, coğrafiya taledir”. Bəzilərinin Napoleon Bonaparta, digərlərinin isə Otto fon Bismarka aid etdiyi bu “qanadlı” ifadə doğrudan da hər bir xalqın tarixindən və taleyindən qırmızı xətt kimi keçən gerçəklikləri əks etdirir.
Bu ifadəni bizim ölkəmizə də aid etsək, Rusiya və İran kimi birdən-birə iki toksik və şər ölkə ilə qonşu olmaq Azərbaycan üçün nəinki tale, həm də çox çətin sınaqdır.
Bəzi soydaşlarımız hətta bir qədər də irəli gedərək deyirlər ki, Allah bizi İran və Rusiya ilə qonşu etməklə qarğayıb.
Ancaq mən isə, sözün düzü, fars və rusların son yüzillikdə xalqımıza qarşı törətdikləri bütün pisliklərə, vəhşiliklərə rəğmən, bu iki xalqla qonşu olmağı Tanrının bizə cəzası kimi yox, əksinə, bizə təkan verməsi kimi, bizi hərəkətə gətirmək cəhdi kimi və üzərimizə qoyduğu xüsusi missiya kimi baxıram.
Məsələ burasındadır ki, bir sıra başqa xalqlar kimi ruslar və farslar da öz arxetipinə və genealogiyasına görə “şər xalqlar” kateqoriyasına aiddir. Bu qəbildən olan xalqlar tarix boyu daim başqa xalqlara, o cümlədən ən yaxın qonşularına qarşı təcavüzkar münasibət sərgiləyir, işğalçı və sömürgəçi siyasət yürüdür, hamı üzərində hegemonluğa can atırlar. Ona görə də Tanrı bəzi digər xalqları bu xalqların aqressiv xarakterini buxovlamaq və onların “zəhər dişi”ni qırmaq üçün xüsusi missiya ilə görəvləndirir. Misal üçün monqol-tatarlar və Hitler Almaniyası məhz ruslara qarşı əzici qüvvə kimi böyük tarix səhnəsinə çıxarılmışdı.
Ərəblər və türklər isə farsların cilovlanması, ram edilməsi missiyasını həyata keçirib. Sasanilərin ərəb (İslam) xilafəti tərəfindən tarixin zibilliyinə atılması və son minillikdə isə indiki İranın davamlı olaraq türklər (əsasən də Azərbaycan türkləri) tərəfindən idarə olunması da məhz farsların bölgə xalqlarına qarşı zəhərli hərəkətlərinin çərçivəyə alınmasına, onların ziyankarlığının məhdudlaşdırılmasına və minimallaşdırılmasına xidmət etməyin göstəricisidir.
Başqa sözlə desək, ərəblər və türklər farslara qarşı, monqol-tatarlar və almanlar isə ruslara qarşı antidot rolunu oynayıblar. Və bu missiya dəyişik şəkillərdə bu gün də davam edir.
Dəyişik şəkillər deyərkən, ilk növbədə monqolların və almanların yerinə ukraynalıların keçməsini nəzərdə tuturam. Bəli, bu gün Putin Rusiyasının quduz siyasəti məhz Ukrayna xalqının cəsur mübarizəsi nəticəsində nəzarətdə saxlanılır. Fars-molla rejiminin davakar, aqressiv siyasəti isə İsrail-ABŞ bloku ilə yanaşı, Azərbaycan və Türkiyə tərəfindən lokallaşdırılır.
Və mən deyərdim ki, bu gün həm Rusiyanın, həm də İranın Cənubi Qafqazla bağlı məkrli siyasətlərinin qarşısının alınmasında ən böyük yük və ağırlıq da məhz Azərbaycanın üzərinə düşür. Əgər Azərbaycan olmasaydı, bu iki azğın dövlət Cənubi Qafqazı çoxdan şumlayıb keçmişdilər.
Azərbaycanın Ermənistan və Gürcüstandan fərqli bir rola, performansa və tutuma malik olduğunu Kremldə və Tehranda da yaxşı başa düşür və etiraf edirlər. Bugünləri Azərbaycanın üzərinə şimaldan və cənubdan gələn təhdidlərin, psixoloji basqıların, informasiya hücumlarının genişlənməsi də məhz bundan qaynaqlanır.
Beləliklə, biz hazırda Azərbaycana qarşı hücumların yeni mərhələsinə start verildiyini müşahidə edirik. Ölkəmizə qarşı açıq hərbi müdaxiləyə və diplomatik demarşlara başlamaq imkanı olmayan Moskva və Tehran hələlik bu fazada tarixçiləri, kulturoloqları, arxeoloqları, politoloqları qabağa verməklə mənəvi-psixoloji terror siyasəti yürütməyə, tarixi-coğrafi gerçəklikləri təhrif etməklə insanlarımızda çaşqınlıq yaratmağa çalışırlar.
Tehran Universitetinin professoru, arxeoloq Həsən Fazeli televiziya kanallarından birinə müsahibəsində Xəzər dənizinin adının yəhudilər tərəfindən həyata keçirildiyini iddia edərək, “Xəzər” sözünün işlədilməməsinə çağırış etməsi və bunun əvəzində “Mazandaran gölü” adının işlədilməsini təklif etməsi də sözügedən mənəvi-psixoloji terrorun və ölkəmizə qarşı “hibrid müharibə”nin tərkib hissəsidir.
Eləcə də Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Kreml tərəfindən yenidən “dövriyyəyə” buraxılması da Azərbaycana qarşı şimaldan və cənubdan koordinasiya olunan birgə hücumun daha bir nümunəsidir. Putindən təlimat alan M.Şvıdkoy siyasi fahişəliyə yol verərək iddia edib ki, guya, rəsmi Bakı tərəfindən Qarabağda “25 abidə və büst sökülüb”.
Göründüyü kimi, Qarabağda erməni separatçılarının və rus hərbçilərinin qanunsuz quraşdırdığı erməniəsilli rus rəssamı İvan Ayvazovskinin (Hovanes Ayvazyan) büstünün götürülməsi mövzusu artıq gündəmdən çıxsa da, lakin Şvıdkoy bu məsələni köhnəlməyə qoymur. Çünki Azərbaycana qarşı təzyiqləri istənilən yolla davam etdirmək üçün Kremlin bu cür kiflənmiş, qaxsımış mövzulara hava-su kimi ehtiyacı var.
Bəs, Moskvadan və Tehrandan kurasiya olunan ideoloji hücumların, dezinformasiyaların qarşısında biz nə etməliyik?
Birincisi, bilməliyik ki, Rusiya da, İran da Azərbaycana qarşı Göbbelsin məşhur çirkli propaqanda üsulundan istifadə edir. Yəni ki, yalanları həqiqət kimi təqdim etməklə Azərbaycan cəmiyyətini öz yalanlarına inandırmağa və eyni zamanda, cəmiyyətdə permanent (davamlı) əsəbi durum, gərginlik yaratmağa çalışırlar. Onlar bu cür əsassız, təxribatçı iddiaları gündəmə gətirməklə insanların psixoloji durumuna təsir etmək, onları neqativə kökləmək, ictimai rəydə çaşqınlıq və dezorientasiya yaratmaq istəyirlər. Beləliklə, tarix və siyasi coğrafiya üzərindən, mədəniyyət üzərindən Azərbaycana qarşı planlı, məqsədyönlü təxribatlar həyata keçirilir.
Bu kontekstdə Xəzər dənizinin adının yəhudilər tərəfindən qoyulduğunu uydurmaq və bu adın “Mazandaran gölü” adıyla əvəzlənməsini təklif etmək də sıravi azərbaycanlıların əsəblərini tarıma çəkmək, Azərbaycan dövlətini isə təxribata sövq etmək məqsədi daşıyır.
Ancaq həm şimaldakı, həm də cənubdakı şər dövlətlərin rəhbərləri unudurlar ki, tarix olduqca təhlükəli silahdır. Çünki tarixi gerçəkləri təhrif etmək bir çox hallarda “bumeranq effekti” verir…
Nə mollalar, nədəki Putin Azərbaycana münasibətdə tarix üzərindən bu cür təhlükəli oyunlara girməməli, “xüsusi əməliyyat”lar keçirməməlidirlər.
Azərbaycan Rusiya və İranın tarixi gerçəkliklərini üzə çıxarmağa, gizlədilmiş həqiqətləri ictimailəşdirməyə başlasa, əminəm ki, cənubda və şimalda yer yerindən oynamağa başlayacaq. Bunu heç kim bilməsə də, Kreml çox yaxşı bilir.
Çünki bu yaxınlarda TASS-ın Xankəndini “Stepanakert”, Qarabağı isə “Naqornıy Karabax” (Dağlıq Qarabağ) adlandırmasına cavab olaraq Azərbaycan XİN-in və AZƏRTAC-ın hazırda Rusiyanın tərkibində əsirlikdə olan bir sıra qədim türk yurdlarının indiki adları ilə paralel olaraq, tarixi adlarını ictimailəşdirməsinin Rusiyanın özündə və o cümlədən türk dövlətlərində necə böyük rezonans yaratdığını Kremldə unutmayıblar. Ona görə də Kreml eyni səhvi ikinci dəfə təkrar etməməlidir.
Heç mollalara da tarixlə oynamağı əsla məsləhət görmürük. Çünki biz hazırkı fars-molla rejiminin və onların sələfi olan xain Pəhləvilərin tarix oğrusu olduğunu və İranın son minillik türk tarixinin gizlədildiyini sistemli şəkildə dünyanın diqqətinə təqdim etməyə başlasaq, bu işin sonunda uduzan tərəf yenə də məhz mollalar olacaq.
P.S. Yeri gəlmişkən, AMEA rəhbərliyi Rusiyanın və İranın tarix və mədəniyyət üzərindən həyata keçiriləcək təxribatlarını önləmək və adekvat cavablandırmaq üçün peşəkar ekspertlərdən ibarət xüsusi beyin mərkəzinin yaradılması üzərində düşünsə yaxşı olar. Onlar döyüşə tarixçiləri göndərirlərsə, biz də buna müvafiq tədbirlər görməliyik.
P.P.S. İlham Əliyevin Kəlbəcərdən səsləndirdiyi “müharibəyə hazır olmalıyıq” mesajından sonra İran və Rusiyadan Azərbaycana qarşı yeni ideoloji hücum dalğasının başlaması da gözləniləndir.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi