ELAZ.İNFO xəbər verir ki, İran və ABŞ arasında danışıqlar sabah İsveçrənin Cenevrə şəhərində davam edəcək.
Əsas müzakirə mövzusu nüvə sazişidir, lakin iddia edilir ki, İran danışıqların davamlılığını təmin etmək üçün ABŞ-a neft, təbii qaz, mədənçilik və təyyarə alışı kimi sahələrdə tərəfdaşlıq təklif edir. İran Xarici İşlər Nazirliyinin İqtisadi Diplomatiya üzrə baş direktorunun müavini Həmid Qənbəri Cenevrədə keçirilən ikinci danışıqlardan əvvəl bildirib ki, nüvə sazişinin davamlı olması üçün ABŞ iqtisadi cəhətdən də faydalanmalıdır.
2015-ci il sazişinin ABŞ-ın kommersiya maraqlarını qorumadığını deyən Qənbəri neft və təbii qaz yataqları, mədən investisiyaları və mülki təyyarə alışı sahələrində tərəfdaşlıqların danışıqlar masasında olduğunu açıqlayıb. Tehranın bu addımlarla Tramp administrasiyasını iqtisadi qazanc yolu ilə sazişə razı salmağa çalışdığı irəli sürülür.
Tərəflər ABŞ və İran arasında dolayı danışıqların ikinci raundu üçün Cenevrədə görüşəcəklər. ABŞ nümayəndə heyətinə Donald Trampın nümayəndələri Stiv Vitkov və kürəkəni Cared Kuşner, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Arakçi rəhbərlik edəcək. Omanın vasitəçiliyi ilə aparılan danışıqlar 2015-ci ilin çoxtərəfli çərçivəsindən fərqli olaraq, birbaşa İran və ABŞ ilə davam edir. ABŞ dövlət katibi Marko Rubio diplomatiyaya üstünlük verdiklərini, lakin ehtiyatlı yanaşma sərgiləyəcəklərini bildirib və qeyd edib ki, “indiyə qədər heç kim İranla uğurla razılığa gələ bilməyib”.
İlahə BAYINDIR