İRAN ÜÇÜN “QAYNAR QAZAN”: Dünya hərbi müdaxiləyə hazırlaşır?

ELAZ.İNFO xəbər verir ki, beynəlxalq ictimaiyyətin İrana münasibəti bu gün kritik nöqtəyə çatıb. Ölkə daxilində yanvarın 8-dən başlayan və iqtisadi çöküşə etiraz olaraq genişlənən nümayişlərin şiddətlə yatırılması Qərb dünyasının kəskin reaksiyasına səbəb olub. ABŞ Prezidenti Donald Tramp İrandakı etirazçılara dəstək verəcəyini və hökumətin güc tətbiqinə cavab olaraq “çox sərt” addımlar atılacağını bəyan edib.

Vaşinqtondan gələn son xəbərlər ABŞ-ın İrana qarşı 24 saat ərzində hava zərbələri endirə biləcəyi ehtimalını artırıb. Pentaqonun nüvə obyektləri və strateji hərbi hədəfləri əhatə edən zərbə planlarını masaya qoyduğu bildirilir.

Bu gün Tramp rəsmən elan edib ki, İranla ticarətini davam etdirən istənilən ölkəyə 25 faizlik gömrük tarifi tətbiq olunacaq. Bu, Tehranın son nəfəsliyi olan Çin və digər tərəfdaşlarına birbaşa xəbərdarlıqdır.

İsrail ordusu (SAXAL) mümkün İran cavabına qarşı ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Tel-Əviv rəsmiləri bəyan ediblər ki, İranın nüvə proqramını bərpa etməsinə heç bir vəchlə imkan verilməyəcək.

Tehran və Vaşinqton arasında olan sonuncu gizli kommunikasiya xətləri bu səhər itib. İran XİN isə hələ də təzyiqsiz danışıqlara hazır olduğunu bildirsə də, Qərb artıq bu çağırışları “vaxt qazanmaq taktikası” kimi qiymətləndirir.

Dünya İrandakı daxili qiyamın rejim dəyişikliyinə səbəb olub-olmayacağını və ya xarici müdaxilənin böyük regional müharibəyə çevrilib-çevrilməyəcəyini diqqətlə izləyir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights