ELAZ.İNFO xəbər verir ki, çinli professor Jiang Xueqin ABŞ təcavüzünə Pentaqonda heç kimin açıq şəkildə müzakirə etmək istəmədiyi İranın asimmetrik reaksiyasını müzakirə edərək deyib:
-“Səudiyyə Ərəbistanı: İçməli suyun 70%-ni dəniz suyunun duzsuzlaşdırılmasından (şirinləşdirilməsindən) əldə edir.
-BƏƏ: İçməli suyun 42%-ni duzsuzlaşdırmadan əldə edir. Dubayda, təxminən, 3 günlük şirin su ehtiyatı olur.
-Küveyt: 90%-i duzsuzlaşdırılmiş sudur. 2 günlük şirin su ehtiyatı olur.
-Qətər: 99%-i duzsuzlaşdırılmiş sudur. ABŞ dünyada ən böyük aviabazası olan Əl-Udeid orada yerləşir.
-Bəhreyn: 90%-i duzsuzlaşdırılmiş sudur. ABŞ-ın 5-ci donanmasının bazası orada yerləşir.
Duzsuzlaşdırma zavodları statik, böyük sənaye hədəfləridir. Onları yerindən tərpətmək və ya gizlətmək mümkün deyil deyə onlar İranın ən ucuz silahlarının – biri $20 minə başa gələn dronların – təsir dairəsindədir. İranın $2 milyardlıq duzsuzlaşdırma qurğusunu məhv etmək üçün hipersonik raketlərə ehtiyacı yoxdur. Fars körfəzindəki duzsuzlaşdırma zavodlarına zərər dəysə, neft qiymətlərinin kəskin artımını heç kimin yadına düşməyəcək və Körfəz ölkələrində Qiyamət miqyaslı humanitar böhran baş verəcək.
Məlumat üçün bildirim ki, Jiang Xueqin – Çin-Kanada əsilli pedaqoq, yazıçı, tarixçi və geosiyasət nəzəriyyəçisidir. Çində təhsil islahatlarına, xüsusən də oyun nəzəriyyəsi və tənqidi düşüncə sahələrinə verdiyi töhfələrlə tanınır. 1999-cu ildə Yel Universitetini bitirib. Sosial mediada ~1,8 milyon izləyicisi var.
Bu da “niyə ərəblər İrana cavab vermirlər” sualının cavabı. İranın Körfəz ölkələrinə zərbələrində məqsədi onları xaosa qərq etmək, dağıtmaq deyil – bunu istəsəydi, duzsuzlaşdırma zavodlarını partlatması kifayət edərdi – məqsəd onların neft-qaz ixracını dayandırmağa məcbur etməkdir ki, dünya ABŞ-dan geri çəkilməyi tələb etsin, ona dəstək verməsin.
Britaniya məxfi xidmətlərində xüsusi bir tədqiqat sahəsi var – hər hansı dövlətin, cəmiyyətin dayanaqlığını təmin edən elə kritik nöqtələr (bu fiziki obyektlər də ola bilər, mənəvi dəyərlər də) axtarılır ki, həmin dövləti, cəmiyyəti çökdürmək, tabe etmək üçün uzunmüddətli bahalı müharibə aparmaqdansa (heç Britaniyanın buna gücü də yoxdur) kritik nöqtələrə sərrast zərbələr vurmaqla bütün sistemi qısa zamanda çökdürə bilsinlər.
Bu müharibədə İsrail-ABŞ İranın kritik nöqtəsinin Xamenei olduğunu düşünürdülər. Səhv fikir olub. İndi isə İran Körfəz ölkələrinin kritik nöqtələrini nəzarətində saxladığını göstərir. Bu plan təkcə İranınmı ağlına gəlmişdi? Yoxsa Ukrayna müharibəsi arxasında ABŞ/Aİ – Çin/Rusiya savaşı başladığı kimi İran müharibəsinin arxasında da Çin/Rusiya – ABŞ/İsrail savaşı davam edir?
Asif ŞƏFƏQQƏTOV