İran hakimiyyəti inadı yerə qoymalı, xalqı rejim uğrunda qırğına verməməlidir”

ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə barıt çəlləyini xatırladan gərginlik yeni və daha təhlükəli fazaya qədəm qoyur. ABŞ və İsrailin İrana hərbi müdaxilə ehtimalının gündəmdən düşməməsi regionun geosiyasi arxitekturasını təhdid edir. Mövzunu ELAZ.İNFO üçün xüsusi olaraq şərh edən siyasi şərhçi Tural İrfan dramatik xəbərdarlıqlar edib.

Siyasi şərhçi qeyd edir ki, müharibə hər bir halda arzuedilməzdir və tərəflər “yayları nə qədər tarıma çəksələr də”, hələ ki, qan tökülmədən çıxış yolu mümkündür:

Vəziyyət nə qədər gərgin olsa da, müharibəsiz həll yolu hələ də masadadır. Lakin bir həqiqət var: təhdidin olduğu yerdə real danışıq və razılıq mümkün olmur. Bu nöqtədə Türkiyə və Azərbaycanın vasitəçilik təşəbbüsləri, gərginliyi azaltmaq cəhdləri olduqca təqdirəlayiqdir. İran hakimiyyətinin mühafizəkar qanadı isə artıq yersiz inadı kənara qoymalı və öz xalqını qırğına verməməlidir.”

Turan İrfan mümkün hakimiyyət dəyişikliyi zamanı yaranacaq qeyri-müəyyənliyə və Güney Azərbaycanlı soydaşlarımızın gələcəyinə xüsusi diqqət çəkib:

Tramp administrasiyasının hakimiyyəti devirdiyi halda, xalqlara, o cümlədən milyonlarla soydaşımıza hansı hüquq və azadlıqların veriləcəyi naməlumdur. Xüsusilə, yenidən ‘Şah məsələsi’ gündəmə gətirilir ki, bu da soydaşlarımızın taleyinin yenə də qaranlıq qalacağı anlamına gəlir.

Müharibənin miqyasının qlobal xarakter ala biləcəyini vurğulayan ekspert, dəhşətli bir ssenariyə işarə edib. Onun sözlərinə görə, Çin və Rusiyanın İrana hərbi dəstək verdiyi bir şəraitdə baş verəcək savaş, əvvəlki münaqişələrə bənzəməyəcək:

Bu proses nüvə silahından istifadəyə qədər gedib çıxa bilər. Açıq görünür ki, İran rejimi çökəcəyi təqdirdə xalqı da özü ilə bərabər məhvə aparmaq niyyətindədir. Rejimi qorumaq üçün xalqın yarısını qurban verməkdən çəkinməyəcəklər. Çünki mövcud sistemdə insanın dəyəri yoxdur.”

Siyasi şərhçi yekunda ABŞ-a və tərəflərə çağırış edib: “Vaşinqtonun regionu alova bürümədən istəyinə nail ola biləcəyi fövqəladə və ecazkar bir həll planı olmalıdır. Əgər bu yoxdursa və əvvəlki metodlarla hərəkət olunacaqsa, İran həm İsrailə, həm də ABŞ-ın hərbi bazalarına sarsıdıcı zərbələr endirəcək. Yeganə rasional çıxış yolu — soyuqqanlılığı qorumaq, vasitəçilərin tövsiyələrinə qulaq asmaq və danışıqlar masasına qayıtmaqdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights