Tehran şəhərinin şimalındakı dağlarda yerləşən yeraltı gizli raket bazaları İsrail ordusu tərəfindən bombalanır kimi xəbərlərin ardı ilə bu fikrə gəlməmək mümkünsüzdür.
İranın nüvə proqramı ilə bağlı ilkin olaraq nüvə strukturunun bombardımanla dağıdılması planlaşdırılır. Ən maraqlı məqam, İranın əlindəki 400 kq-lıq 60% zənginləşdirilmiş uran ehtiyatlarının aqibətidir. Nüvə silahının əsas komponenti olan bu strateji resurs yəqin ki, İran hakimiyyətinin son dayaq nöqtəsidir. Əslində İran hakimiyyəti zənginləşdirilmiş uranı təhvil verməklə müharibəni indi də dayandıra bilər. Bəlkə də Trampın son çıxışlarının və ABŞ-ın hərbi aktivliyini artırmasının məqsədi İran rəhbərliyini məhz, bu yola məcbur etməkdir. Amma bu addım İran dövləti üçün tam təslimçilik deməkdir. Bu ssenaridə belə, İran hakimiyyətini fərqli sonluq gözləmir. Aydındır ki, sona qədər döyüşməyin də İran dövləti üçün daha dağıdıcı nəticələri olacaq.
Bəs, İran rəhbərliyi əlindəki strateji resursu qorumaq üçün sona qədər döyüşməyi seçsə? Bu ssenaridə İrandakı zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün ABŞ və İsrailin xüsusi quru əməliyyatına ehtiyacı ola bilər. Yəqin ki, ABŞ rəhbərliyi təkcə hava qüvvələrini deyil, quru qoşunlarını da müharibəyə hazırlayıb. İrana quru əməliyyat isə ABŞ üçün növbəti bataqlığa çevrilə bilər. Yəni, hadisələr göründüyündən daha mürəkkəbdir. Olduqca effektiv və sarsıdıcı olan ilk fazadan fərqli olaraq, İrana qarşı hərbi kampaniyanı istənilən sonluqla yekunlaşdırmaq çox çətin olacaq.
Natəvan BƏYDİLİ