İran ətrafında çevrə daraldılır- tərəflərin öz planları var

Suriya “oyunları” – 3

Bakı danışıqlarında İsrailin Suriyaya icazə verməsi analoji köhnə hadisəni xatırladır. 1990-cı ilin 2 avqustunda İraq qoşunları Küveyti işğal etməzdən əvvəl İraq prezidenti Səddam Hüseyn ölkəsindəki ABŞ səfirini çağırıb Küveytə qoşun yeridəcəyi və bunu hansı səbəblərdən edəcəyi barədə məlumat vermişdi. ABŞ səfiri Səddama heç nə deməmiş, bir neçə gün ərzində ABŞ hökuməti də nə açıq, nə də qapalı şəkildə məsələyə münasibətini bildirməmişdi. Səddam ABŞ-ın susmasını razılıq kimi qarşılayaraq, bu avantüraya getmişdi.

O vaxtlar Səddam hesab edirdi ki, ABŞ hakimiyyəti ona “dostdur”, çünki ABŞ-ın sifaişi ilə ABŞ və onun əlaltı ərəb dövlətlərinin hərbi və maliyyə dəstəyi ilə 1988-ci ilədək 8 il müddətində İranla müharibə aparmışdı. Yəqin ki, Səddam bu sədaqətinə və fədakarlığına görə ABŞ-dan Küveyti “mükafat” kimi gözləyirdi (bəlkə də vəd edilmişdi), səfirlə danışanda Küveytin neft üzrə ABŞ qarşısındakı öhdəliklərinin hamısına əməl edəcəyini də öhdəsinə götürmüşdü.

İraq bir gün ərzində Küveyti işğal etdi… və ABŞ-ın onun üçün qurduğu tələyə düşdü. Dərhal İraqa qarşı sanksiyalar tətbiq olundu, 1991-ci ilin yanvarında isə ABŞ-ın başçılıq etdiyi beynəlxalq hərbi koalisiya İraqa qarşı müharibəyə başlayaraq, İraq qoşunlarını Küveytdən qovdu, İraqın hərbi-strateji infrastrukturlarını bombardman etdi.

Sonradan Səddam mətbuata bildirsə də ki, Küveytə hücum planı barədə ABŞ səfirinə məlumat vermişdi, Qərb mətbuatının total təbliğat maşını onu eşidilməz etdi.

Məncə, indi eyni tələ əş-Şaraaya qarşı qurulmuşdu. Əs-Suveyda hadisələrindən sonra bəzi Britaniya nəşrləri əş-Şaraaya istinadla yazdılar ki, Bakıda danışıqlar zamanı guya Suriya İsraili düzgün anlamayıb.

Mənə elə gəlir ki, hətta Rusiya-Ukrayna müharibəsi də eyni planla başlamışdı. Çox güman ki, ABŞ Rusiyaya Ukraynaya hücum edərsə, sərt reaksiya verməyəcəyini vəd edibmiş. Buna görə də Rusiya cəmi 90 minlik qoşunla Ukraynaya daxil oldu. Kollektiv Qərbin sərt reaksiyasını gördükdən sonra tələyə salındığını anladı və daha sanballı qüvvə toplamaq üçün geri çəkilməyə başladı. Məncə, Putin məhz bu hadisəyə görə tez-tez Qərbi verdiyi sözə əməl etməməkdə, etibarsızlıqda ittiham edir. Hərçənd bu ittiham üçün çoxlu başqa məlum səbəblər də var…

Qayıdaq mətləbə…

İsrail Əs-Suveydaya nəzarəti ələ keçirdikdən və etibarlı arxa yaratdıqdan sonra Suriyanın şərq sərhədi boyu irəliləyərək, ABŞ-ın Suriyadakı Ət-Tanf hərbi bazasına çatacaq. Ət-Tanf bazası çox əlverişli yerdə – Suriya, İraq və İordaniya sərhədlərinin kəsişdiyi bölgədə yerləşib, yəni 3 ölkədən logistikası təşkil edilə bilər. Tramp 1-ci prezidentliyi dövründən bu bazanın ləğv edilməsini istəyirdi. O vaxt, mətbuatın yazdığına görə, hətta Pentaqon onu aldatmışdı ki, baza boşaldılıb. 2-ci prezidentliyi dövründə də Tramp bu bazanı ləğv etmək istədiyini bildirmişdi, lakin bu ilin əvvəlində ondan xəbərsiz bazada hərbi kontingentin 2 dəfə artırılmışdı. Yəqin ki, Pentaqon İsrailin “Davud körpüsü” planının reallaşmasını gözləyirdi. Ət-Tanf bazasından Suriya sərhədi boyu şimala doğru irəliləyib, Suriyanın kürd muxtariyyəti əraziləri ilə əlaqə zolağı yaradılacaq.

“Davud körpüsü”nün şimal-şərqində İraqın kürd əraziləri, cənub-şərqində – şiə əraziləri yerləşir. 12 günlük İsrail-İran müharibəsində İraq kürdləri hədə-qorxu gəlsələr də İrana müdaxilə etmədilər. Görünür, İsrail bu ərazilərə birbaşa çıxış əldə etməklə İrana qarşı növbəti müharibədə kürdlər adından provokasiyalar edib, onları müharibəyə cəlb etmək istəyir.

Ət-Tanf bazası isə İraqın şiə bölgəsinə çıxışdır. İranla növbəti müharibədə İrandan xaricdə İsrailə mane ola biləcək yeganə qüvvə İraq şiələri ola bilər. Artıq İraq şiələri də öz hava məkanlarını qorumaq üçün HHM sistemləri almağa başlayıblar. Məncə, İsrail İranla növbəti müharibəyə başlayanadək İraq şiələrini zərərsizləşdirməyi planlaşdırıb. Yəqin ki, yaxın gələcəkdə onların da Livan kimi bombalanması üçün provokasiyalar törədiləcək.

Zəngəzur dəhlizində ABŞ özəl hərbi şirkətinin döyüşçülərinin yerləşdirilməsi də bu planın tərkib hissəsi ola bilər. Niyə özəl? Çünki özəl şirkətdə istənilən ölkənin vətəndaşı xidmət edə bilər. Məsələn, İsrail vətəndaşları.

Beləliklə, İran ətrafında çevrə daraldılır.

Əlbəttə, bunlar İsrailin (Qərbin) planlarıdır və tam reallaşacağına təminat yoxdur. Çünki rəqib tərəflərin öz planları var.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights