ELAZ.İNFO xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsi zamanı söyləyib ki, “Avropaya vizayla və ya vizasız getmək egzistensial məsələ deyil, lakin Gürcüstanda sabitliyin və sülhün pozulması cəhdi artıq milli təhlükəsizlik məsələsidir. Əgər məsələ bu şəkildə qoyulursa – ya sülh və sabitlik, ya da vizasız rejim – biz təbii ki, sülhə və sabitliyə üstünlük verəcəyik. Bu, gürcü xalqının seçimidir”.
İrakli Kobaxidze bildirib ki, “Avropa İttifaqı Gürcüstan hökumətinə bəzi qanunları qəbul etməyi qadağan etməklə ölkənin daxili sabitliyinə təhdid yaradır. Şəffaflıq qanunlarının qəbuluna mane olmaq o deməkdir ki, xarici qüvvələrin Gürcüstanda inqilabi proseslərə müdaxiləsinə şərait yaratmaq istəyirlər. Bizdən tələb olunur ki, belə qanunları qəbul etməyək. Bu, birbaşa təhlükədir.”
O qeyd edib ki, ölkədə qəbul edilən bütün qanunverici dəyişikliklər insan hüquqlarına zidd deyil və milli maraqlara xidmət edir: “Qanunlarımız ailə dəyərlərinin qorunması, azyaşlıların müdafiəsi və xarici təsirlərin şəffaflaşdırılması məqsədi daşıyır. Əgər kimsə Gürcüstanda inqilabi fəaliyyət maliyyələşdirmək istəyirsə, bunu açıq şəkildə etməlidir.”
İrakli Kobaxidze həmçinin qətiyyətlə bildirib ki, “hökumət sağlam müzakirələrə açıqdır, lakin Gürcüstanın sülh və sabitlik yolundan dönməyə niyyəti yoxdur”.
İlahə BAYINDIR