İntihar çıxış yolu deyil, bütün yolların bağlanmasıdır

ELAZ.İNFO xəbər verir ki, son illər sosial şəbəkələrdə, xəbər portallarında və gündəlik informasiya axınında intiharla bağlı xəbərlərin demək olar ki, adi hala çevrilməsi cəmiyyət üçün ciddi və təhlükəli bir siqnaldır.

Daha da ağrılı olan tərəf isə intihara əl atanların böyük əksəriyyətinin gənclər və orta yaşlı insanlar olmasıdır. Bu fakt təkcə fərdi faciə deyil, ailələrin dağılması, uşaqların travma alması, cəmiyyətin mənəvi zəifləməsi deməkdir. İntihar bir anlıq qərar kimi görünsə də, əslində uzun müddət yığılan psixoloji, sosial, iqtisadi və mənəvi problemlərin nəticəsidir və bu hadisəni yalnız “zəiflik” və ya “inamsızlıq” kimi qiymətləndirmək məsuliyyətsiz yanaşma olardı. İnsanları intihara aparan əsas səbəblərdən biri ağır psixoloji durumdur.

Uzunmüddətli depressiya, ümidsizlik hissi, dəyərsizlik duyğusu, gələcəklə bağlı qorxu, özünü cəmiyyətə yük kimi görmək insanın düşüncələrini tədricən zəhərləyir. Əksər hallarda intihar edən şəxslər bunu etmək istədiklərini açıq demirlər, əksinə susur, içinə qapanır, ətrafdan uzaqlaşırlar. “Məni anlayan yoxdur”, “mənim dərdim heç kimə lazım deyil” kimi düşüncələr insanı təkliyə sürükləyir. Sosial şəbəkələrdə süni “xoşbəxtlik” nümayişi də bu prosesi daha da dərinləşdirir. İnsan öz həyatını başqalarının bəzədilmiş həyatı ilə müqayisə edir və özünü uğursuz, bədbəxt, çıxılmaz vəziyyətdə görür.

Maddi problemlər, işsizlik, borclar, ailədaxili münaqişələr, boşanmalar, xəyanət, valideyn-övlad münasibətlərindəki qırılmalar da intihara aparan əsas faktorlardandır. Xüsusilə kişi psixologiyasında “ailəni dolandıra bilməmək”, “gücsüz görünmək” qorxusu ağır psixoloji yük yaradır. Qadınlar isə daha çox emosional zorakılıq, laqeydlik, dəyər verilməməsi səbəbilə psixoloji sarsıntı yaşayırlar. Gənclər arasında isə valideyn təzyiqi, imtahan stressi, gələcək qorxusu, sevgi münasibətlərində uğursuzluq və qəbul edilməmək hissi ön plana çıxır.

Həbsdə olan və ya cəza çəkən şəxslərin intihara daha meyilli olmasının da obyektiv səbəbləri var. Azadlığın məhdudlaşdırılması, ailədən və yaxın mühitdən təcrid, utanc hissi, gələcək perspektivin qaranlıq görünməsi insan psixikasında dərin sarsıntı yaradır. Cəmiyyətin damğalayıcı münasibəti, “artıq hər şey bitdi” düşüncəsi insanı çıxılmazlıq hissinə salır. Həbsxana şəraitində tək qalma qorxusu bu riski daha da artırır. Halbuki cəza insanı məhv etmək yox, islah etmək məqsədi daşımalıdır.

Dini və mənəvi aspektdən baxdıqda isə intihar Allahın insana verdiyi ən böyük nemət olan cana qəsd deməkdir. Can insanın mülkü deyil, Allahın əmanətidir. İslamda intiharın qəti haram buyurulmasının səbəbi də budur. Çünki insan hansı çətinlikdə olursa-olsun, o çətinliyin bir hikməti və çıxış yolu var. Qurani-Kərimdə “Allah heç kəsə gücündən artıq yük yükləməz” buyurulur. Bu o deməkdir ki, yaşadığımız ən ağır dərdin belə dözülə bilən bir həddi var və səbrlə, doğru addımlarla o mərhələdən keçmək mümkündür.

Təəssüf ki, psixoloji sarsıntı içində olan insan bu həqiqəti görə bilmir, tunelin sonundakı işığı hiss etmir. İntiharın qarşısını almaq üçün təkcə fərdi səviyyədə deyil, cəmiyyət və dövlət səviyyəsində də ciddi addımlar atılmalıdır. Ailələrdə övladlarla açıq ünsiyyət qurulmalı, onları dinləmək, anlamaq vərdişi formalaşdırılmalıdır. “Sən güclü olmalısan”, “keçər” kimi səthi ifadələr əvəzinə real psixoloji dəstək göstərilməlidir. Psixoloqa müraciət etmək ayıb yox, ehtiyac kimi qəbul edilməlidir. Təhsil müəssisələrində psixoloji xidmət gücləndirilməli, həbsxanalarda mütəmadi psixoloji müşahidə və dəstək mexanizmləri qurulmalıdır.

Media və sosial şəbəkələr də məsuliyyətli davranmalıdır. İntihar xəbərlərinin sensasiya formasında, detallarla verilməsi, xüsusilə gənclər üçün təhlükəli təsir yarada bilər. Əvəzində ümidverici hekayələr, çətinlikdən çıxış yollarını göstərən real nümunələr paylaşılmalıdır. İnsan bilməlidir ki, tək deyil, onu anlayan, dəstək ola biləcək insanlar var.

Ən əsası isə hər birimiz ətrafımızdakı insanlara qarşı daha diqqətli, daha mərhəmətli olmalıyıq. Bəzən bir səmimi söz, bir zəng, bir dinləmə intihar düşüncəsi ilə ölüm arasında duran ən güclü sipər ola bilər.

Unutmayaq ki, intihar çıxış yolu deyil, bütün yolların bağlanmasıdır. Hər gecənin bir sabahı, hər dərdin bir çarəsi var. İnsan yaşadığı müddətcə ümid var və ümid olan yerdə həyat davam etməlidir.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights