ELAZ.İNFO, BAKI, 05.05.2025.
İslam dini Allahın seçilmiş, elm, ədalət, sevgi və müasir bir dini olsa da, əsrlər boyu müxtəlif qüvvələr onu, təriqətlərə bölərək parçalamağa çalışmışlar.
Bəli, İslam dünyasında elə bir dövr olmuşdur ki, bütün dünya elmlərini əhatə edən alimlər yetişmiş və müsəlman alimləri öz elmləri ilə bütün dünyanı fəth etmişdilər. Miladi 749-cu ildən 1258-ci kimi İslamın, elm və mədəniyyətin çiçəklənməsi dövrü adlandırmaq olar. Əsasən buna səbəb 6-cı İmam Cəfəri Sadiqin, babası Hz.Peyğəmbər (s.ə.s.) və atası Hz.Əli (ə.s.) tərəfindən ona bildirilmiş elimlərin 4000 mindən çox tələbələrinə çatdırması idi. Abbasilərin xəlifəliyinin ilk dövrlərində müəyyən zaman oldu ki, Hz.Peyğəmbərin övladları üçün, onların tələbələr yetişdirmək və İslam elmini tədris etmək üçün müəyyən şərait yarandı. Elə bunun nəticəsində də, həmin dövrlərdə İslam elmi, yəni bütün dünya elmləri inkişaf etdi. Müsəlman aləminin dünya elminə bəxş etdiyi nəhəng şəxsiyyətlərin bir çoxu həmin dövrlərdə yetişmişdir. Avropa gerilik və cəhalət girdabında boğularkən, xristian dini hər növ elmi inkişafın qarşısını almaq üçün çalışarkən, müsəlman Şərqi durmadan inkişaf edir, yeni-yeni elmi və mədəni nailiyyətlər qazanırdı. Bu, ilk növbədə, İslam dininin mütərəqqi xarakteri və müsəlman alimlərinin fədakarlığı sayəsində mümkün olmuşdu. Bu dövrdə elm dili kimi yalnız ərəb dilindən isrifadə edilməsinə baxmayaraq, alimlərin əksəriyyəti qeyri-ərəblərdən ibarət idilər.
Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışdılar. Burada astronomiya, tibb, riyaziyyat, kimya, coğrafiya, botanika, tarix və memarlıq elmləri inkişaf edərək, bir çox alimlər yetişmişdi. Orta Şərqdə yerləşən ölkələrdə astronomiya və fəlsəfə yüksək inkişaf mərhələsinə çatmışdı. Çox böyük zəhmət və cidd-cəhdlər hesabına İslam dünyası bir neçə əsr ərzində dünyanın elm və mədəniyyət mərkəzinə çevrildi.
Müsəlman dünyasında coğrafiya müstəqil elm kimi formalaşır. Coğrafiyaşünas-səyyahların əldə etdikləri informasiyalar sonrakı dövrlərdə İdrisi, Yaqut Həməvi, İbn Bətqutə kimi alimləri yetişdirdi və onların elmin inkişafında əvəzsiz əməkləri olmuşdur.
Cəbr elminin təməlini qoymuş Xarəzmi (780-850) ilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O, “əl-Cəbr-vəl-Müqabilə”adlı ilk Cəbr kitabını yazmışdır. Məşhur riyaziyyatçı-astronom Əbu Abdullah ibn Musa Xarəzminin coğrafiya sahəsində mühüm çalışmaları vardır. O, “Surətül-ərz” adlı məşhur əsərində Ptolemeyin coğrafi məlumatlarına və xəritələrinə düzəlişlər etmişdi. Kitab o zaman məlum olan torpaqların xəritələrini əhatə edirdi. Xarəzm daha çox riyaziyyatçı kimi tanınırdı.
Mənşəcə fars olan Əbu Əli Əhməd ibn Ömər ibn Rüştə Miladi 903-cü ildə “əl-Əlaq-ün-nəfisə”adlı əsərində göy təbəqələrinin quruluşunu, Yer kürəsinin ölçüləri barədə maraqlı məlumatlar verir. Kitabın coğrafiya bölümündə yeddi iqlim qurşağı üzrə ölkə və şəhərlər barədə məlumatlar öz əksini tapmışdır. Müəllif kitabda Azərbaycanı 5-ci iqlimə daxil edərək, Xəzər dənizi, Kür və Araz çayı barədə söhbət açmışdır.
İbn Fəqih Həmədani (902), İbn Xordadbeh (913), Əbu Zeyd Bəlxi(934), İstəxri (951) və sair bir çox coğrafiya elminin alimləri bü tün dünyanın, ölkələrin dəniz və çayların, torpaqların quruluşu və iqlimi haqqında çoxlu tədqiqatlar apararaq, coğrafiya elmi haqqında əsərlər yazmışlar.
Tibb sahəsində həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibb aləminə yeniliklər gətirən “Əl-Qanun”adlı əsəri həm İslam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. “Tibbin İncili” adını qazanmış, 600 il Avropa ali məktəblərində dərs vəsaiti kimi tədris olunmuşdur.
İnb Sina tibb də daxil olmaqla, müxtəlif elm sahəsindəki ixtiraları ilə avropalılar üçün nümunə olmuşdur. Kiçik qan dövranını İbnün Nəfis (1210-1288) avropalılardan 300 il əvvəl kəşf etmişdir və İbn Sinanın”Qanun” kitabına yazdığı şərhdə bu məsələnin incəliklərini göstərmişdir.
Bağdadda, Bəsrədə, Rey və bütün İslam ölkələrində xəstəxanalar tikilir, əczaçılıq, zoologiya, nəbatat, heyvanat elmləri inkişaf edərək, çoxlu əsərlər yazılır. O dövrün qüdrətli həkimlərindən sayılan Razi (864-925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır. Ağşəmsəddin (1389-1459) mikrobu kəşf etmişdir.
Əli ibn Abbas müasir cərrahi əməliyyatlara uyğun tərzdə xərcəng əməliyyatını həyata keçirmişdir. Onun qələmə aldığı “Kitabül-Məliki” adli tibb ensiklopediyası kitabından bu gün də istifadə olunur.
Riyaziyyat sahəsində də müsəlmanların qazandıqları nailiyyətlər avropalıları heyran qoymuşdu. Məsələn, məşhur qərb alimi Sak Rister belə söyləmişdi:
-“İntibahımızın riyyaziyyat müəllimləri müsəlmanlardır.”
Fransız alimi E.F.Qofte isə öz heyranlığını belə ifadə etmişdir: “Avropalılar yalnız cəbri deyil, digər riyaziyyat elmlərini də müsəlmanlardan almışdır. Həqiqətən, bu günkü Qərb riyaziyyatı İslam riyaziyyatından başqa bir şey deyildir”.
Başqa müsəlman alimlərindən biri də Bəttandır (850-929). O, faktiki olaraq triqonometriya elminin əsasını qoymuşdur.
Dünyanı qarış-qarış gəzmiş Övliya Cəlaləddinin (1304-1369) səyahətnamələri misilsiz tarix və coğrafiya xəzinələridir.
İbn Baytar(1191-1248) öz kitabında 1400-ə qədər bitki və dərman növünün təfsirini vermiş və əsər Miladi XVI əsrə qədər elm mənbəyi olmuşdur.
Tarixci İbn Xəldin (1332-1406) sosioloqiya elminin qurucusu olaraq xatırlanır. Memarlıq sahəsində isə memar Əcəmi Naxçıvani (XII əsr) və Memar Sinan (1489-1588) xatırlanır.
1065-ci ildə yaradılmış “Nizamiyyə” universiteti bir çox elm ocaqları üçün nümunəyə çevrilmişdir. O zaman dünyadakı ən böyük kitabxana isə Qahirədəki “Əziz” kitabxanası idi. Burada 1 milyon 600 yüz min kitab, o cümlədən riyaziyyata aid 6500, fəlsəfəyə aid 1800 kitab mühafizə olunurdu.
Astronomiya elmində məşhur alim Biruni (973-1048) dünyada ilk dəfə Yerin öz oxu və günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdür. Biruni Yerin çevrəsinin uzunluğunu Eratosfendən və bir sıra özündən əvvəlki müsəlman alimlərindən daha dəqiq hesablamışdı. Biruni 18 kimyəvi maddənin xüsusi çəkisini hesablamış, suyun sıxlığını hesablamağa nail olmuşdu.
Bu sahə üzrə Azərbaycan alimi N.Tusi “Kitab şəkildita” (1201-1274) əsərini yazmışdı. Şərqin ən böyük rəsədxanası Azərbaycanın cənubundakı Marağa şəhərində yerləşir. Bu dövrlərdə İslam elminin bütün sahələri inkişaf edərək bütün dünyanı əhatə etmişdi.
Ardı var….
Mənzər AĞAYEVA
İlahiyyatçı