İnsanlar özlərini dərk etmədən başqalarını kiçiltməklə özlərini böyütmək istəyirlər

Özünü bəyənmək, qürrələnmək, təkəbbür bunlar insan xarakterində çox təhlükəli xüsusiyyətlərdəndir. Bu hisslər bəzən fərqinə varmadan insana hakim kəsilir, onu içindən yeyib bitirir və nəticədə, həm özü üçün, həm də cəmiyyət üçün zərərli bir varlığa çevrilir. Təkəbbür, əslində, nəinki bir şəxsin daxili dünyasını zəhərləyir, o, sanki meşə yanğını kimi çevrəsinə də sirayət edir. Əvvəlcə bir qığılcım olur, sonra alova çevrilir və nəticədə, hər şeyi yandırıb külə döndərir. Elə cəmiyyətlər var ki, bu alovun içində illərdir kül olur, çünki insanlar özlərini dərk etmədən başqalarını kiçiltməklə özlərini böyütmək istəyirlər.

Xalq arasında gözəl bir deyim var: “Allah insanlara hər şeyi yarımçıq verir, bircə ağıl istisna olmaqla.” Yəni Yaradan sanki ağıl məsələsində “ədalət”i o qədər bərabər paylayıb ki, yer üzündə elə bir insan tapılmaz ki, desin: “məndə ağıl azdı, çatışmır.” Puldan, sağlamlıqdan, sevgidən, xoşbəxtlikdən narazı qalan çoxdur, lakin “ağlım çatışmır” deyən bir nəfərə rast gəlmək mümkün deyil. Maraqlıdır, deyilmi? Sanki insanın öz ağlını qiymətləndirməsində təbii bir qüsur var. Hətta ən ağır psixi pozuntulardan əziyyət çəkən insanlar belə özlərini ağılsız saymırlar. “Devit be” (doqquz B) kimi tanınan psixoloji xəstələr də ətrafdakılara ağıl verməyə çalışır, onları yönləndirmək istəyirlər. Sən onlara bir az da ağıl öyrətmək istəyəndə, az qala aqressiya ilə üzərinə hücum edirlər. Çünki onların gözündə ən ağıllı, ən haqlı, ən düzgün olan məhz özləridir. Bu da bir başqa faciədir. Yarımçıq ağılla yaşayıb, özünü tam hesab etmək qədər təhlükəli az şey var bu həyatda.

İnsanın özünü digərlərindən üstün görməsi, əslində, daxili boşluğun kompensasiya formasıdır. Belə insanlar başqalarının fikrini qəbul etməz, heç vaxt tənqidə açıq olmaz və hər zaman özlərini haqlı sayarlar. Bu tip adamların bir problemi var: Onlar düşünürlər ki, əgər biri onlardan fərqli düşünürsə, demək səhv eləyir. Halbuki həyat elə müxtəliflik üzərində qurulub. Sənin doğru bildiyin, başqası üçün yanlış ola bilər və ya əksinə. Amma ağılını mütləq doğru hesab edənlər bunu anlamır, çünki onların “ağlı” bu həqiqəti dərk etməyə kifayət etmir.

Deyəcəyim odur ki, bəzən elə bil Yaradan, bəzi insanlara ağıl verəndə bir az “xəsislik” edib. Bu “ədalətsiz” paylama, əslində, onların gözü ilə görünsə də belə, bütöv cəmiyyətə zərər verir. Özünü hər kəsdən üstün sayan, başqasının fikrini heçə sayan bu adamlar, həmin yarımçıq ağılla hələ bir dünyada ədalətli yaşamaq arzusundadırlar. Amma bu nə mümkündür, nə də real. Ədalət, ağlın işığından doğur. Və əgər bu işıq zəifdirsə, ədalət deyilən anlayış da yalnız bir iddia olaraq qalır.

Ən böyük ağıl insanın özünün də yanıldığını qəbul etməyi bacarmasıdır. Əgər bu yoxdursa, qalan bütün ağıl yalnız təkəbbürün yanacaq materialıdır.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights