İnsanlar bu dünyaya ruhlar aləmindən gəlmişlər

İnsanlar bu dünyaya ruhlar aləmindən gəlmişlər. Allah insanların bədənlərindən əvvəl ruhlarını yaratmışdır. Daha sonra hər bir ruha, ayrı-ayrı bir bədən geyimini geyindirərək onları bu dünyaya göndərmişdir. Deməli, Allah biz insanları ona görə yaratmışdır ki, öz Xaliqimizi tanıyıb, ona ibadət edək. Bu ibadət isə mərifət və ibadətdən, yəni elm və əməldən ibarətdir. Allah insanı ruhunun və əqlinin olması ilə kəramətli yaratdı. İnsanlıq ruhdan asılıdır, bədən isə ruhun qəlibidir və ondan bir alət kimi istifadə edir.
Dünya elmləri ruh haqqında məsələyə cavab verə bilmir. Ruh barədə ilk əsəri Aristotel yazmışdır, sonra bu məsələ ilə Əbu Əli İbni Sina, Qərbdə isə İngilis alimi məşğul olmuşdur. Lakin onların heç biri ruhun mahiyyətini aça bilməmişlər. İnsan ruhunda elə bir sirlər vardır ki, biz hələ onun əlifbası ilə belə tanış deyilik.
İnsan ruhu hər nə qədər bədənlə bərabər və ona yaxın görünürsə də, əsasən ruh zatı etibarı ilə bədəndən ayrıdır. Bədən keçici və hər an dəyişməyə məruz qalıb, daim dəyişməkdədir. Ruh bədəndən bu cəhətinə görə ayrıdır, bədənin uğradığı bütün dəyişiklikləri seyr edərək baxır. Ruh qalıcı-Baqidir, çünki o,“Aləmi-Ülvi”dən gəlmişdir.
Hikmət kitablarında ruhun bədəndən ayrı olduğunu sübut edən bir çox dəlillər vardır. Məsələn: 50 yaşında bir insan həm ruha, həm də bədənə sahibdir. Bu insanın 5 yaşındakı ruhu necə idisə, bu gün də eynidir. Ruhda cismi heç bir dəyişiklik olmamışdır. Bədən isə müxtəlif dəyişikliklərə uğramış və haldan-hala girmişdir. Sifəti, bədəni dəyişmiş, boy, en və hərəkətlərində dəyişikliklər baş vermişdir. Əvvəllər çox gözəl idi, indi isə əvvəlki gözəlliyini itirmişdir. Ruhda isə heç bir dəyişiklik baş verməmiş, ölümdən sonra da, Bərzaxdə də, Qiyamətdə də, Məhşərdə də, Siratda da ruh həmən olacaq və nə qocalacaq, nə də öləcək. Məhşərdən sonra ya bədən ilə Cənnətə gedib bəxtəvər olacaq, ya da Cəhənnəm əzabı ilə əzablanan bir bədbəxt olacaq.
Əl-İsra-85-Ya Muhəmməd! Səndən ruh, ruhun mahiyyəti və keyfiyyəti haqqında soruşarlar. De ki: ”Ruh Rəbbimin əmrlərindəndir. Allahın əmri ilə yaradılmışdır. Sizə yalnız cüzi bir bilik verilmişdir!


Mənzər AĞAYEVA

İlahiyyatçı

Bizimlə oxuyun
Verified by MonsterInsights