İnsanın vicdanı varsa, tək qalsa da, güclüdür

Çoxları bu gün “düz” axtarır… Amma o “düz”ü tapanda, onu qəbul edə bilmir. Çünki düz adam güzgü kimidir, baxanın üzünə özünü göstərir. İnsan isə çox vaxt güzgüdə gördüyündən qaçar. Güzgü günahkar deyil, sadəcə göstərir. Düz adam da belədir, nə pislik axtarar, nə də yaltaqlıq edər, sadəcə olduğu kimi qalar. Amma bu saxta, yalan və ikiüzlülüklə dolu dünyada “olduğu kimi qalmaq” artıq cəsarətdir. Düz adamların dəyəri çox zaman onların yoxluğunda bilinir. Onlar var olanda narahat edər, getdikdən sonra isə boşluqları sükutla danışar. Çünki düz insan hər kəsin sevdiyi tərzdə yox, həqiqətin tələb etdiyi tərzdə davranır. O, bəzən sərt görünür, amma içində mərhəmət gizlidir. O, bəzən soyuq təsiri bağışlayar, amma içində yanar bir ədalət atəşi var.

Bu gün insanlar çox vaxt rahat yalanı, ağrılı doğrudan üstün tutur. Amma yalan nə qədər bəzənsə də, bir gün maskası düşür. Düz adam isə bəzənməz, çünki o, zahirinə yox, vicdanına güvənər. O, hər addımında haqqı qoruyar, sükutla, təkbaşına da olsa mübarizə aparar. Onu tənqid edərlər, amma o bilir ki, düz yolda gedənin ayağı bükülə bilər, amma başı heç vaxt əyilməz. Həyatın ən ağır yükünü də düz adamlar daşıyır. Çünki onların omrü boyu gördüyü bir şey var, nankorluq! Amma yenə də ədalətdən dönməzlər. Çünki bilirlər, insanın vicdanı varsa, tək qalsa da güclüdür. Və bir gün düz olan qalacaq, qalan hər şey unudulacaq.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights