Cəza icra sistemində əsas məqsəd yalnız məhkumların cəzasını çəkməsini təmin etmək deyil, eyni zamanda onların islah olunmasına, düzgün davranış və düşüncə tərzi qazanmasına nail olmaqdır. Bu baxımdan, penitensiar müəssisələrdə xidmət edən əməkdaşların peşəkarlığı, analitik düşüncə tərzi, nüfuzu və qanunlara sarsılmaz bağlılığı mühüm əhəmiyyət daşıyır.
Həbs edilmiş və məhkum edilmiş şəxslərlə davranış zamanı onların psixoloji vəziyyəti, sosial mənşəyi və keçmiş həyat tərzi nəzərə alınmalıdır. Hər bir məhkum fərqli şəxsiyyət daşıyır və fərqli yanaşma tələb edir. Məhz bu səbəbdən, islah prosesi zamanı fərdi psixoloji yanaşma, düzgün ünsiyyət forması və profilaktik işlərin aparılması xüsusi önəm kəsb edir. Məhkumlarla aparılan fərdi söhbətlərdə dövlətin qanunlarının gücü, ədalətin bərqərar olması prinsipi və xidmətin nüfuzu hər zaman ön planda saxlanmalıdır. Məhkumda dövlətə və qanunlara hörmət hissinin formalaşdırılması onun gələcəkdə yenidən cinayət törətməsinin qarşısını ala bilər. Bu zaman əməkdaşın səmimi, amma prinsipial mövqedə olması, cəza rejimini qorumaqla yanaşı, insanlıq amilini də nəzərə alması islah prosesinin uğurlu nəticələnməsinə xidmət edir.
Cəzaçəkmə müəssisələrində baş verən gizli proseslərin vaxtında aşkar olunması, operativ və analitik məlumatların düzgün təhlil edilməsi xidmətin sabitliyini və təhlükəsizliyini təmin edən əsas faktorlardandır. Məhkumlar arasında yaranan gizli əlaqələr, qruplaşmalar və qanunsuz fəaliyyətlər barədə əldə olunan məlumatların həssaslıqla və peşəkar şəkildə realizə olunması xüsusi diqqət tələb edir. Məhkumların kameralara və dəstələrə yerləşdirilməsi zamanı onların psixoloji vəziyyəti, xarakter xüsusiyyətləri və keçmişdəki davranış modelləri nəzərə alınmalıdır. Uyğun olmayan yerləşdirmə rejim pozuntularına, qarşıdurmalara və neqativ hallara səbəb ola bilər. Bu baxımdan, hər bir məhkumla fərdi yanaşma və psixoloji müşahidə prinsipi əsas meyar kimi qəbul edilməlidir.
Rejim qaydalarının qorunması, məhkumların qanunları pozmaqdan çəkindirilməsi istiqamətində sistemli və praktiki profilaktik işlər aparılmalıdır. Bu məqsədlə məhkumlarla mütəmadi fərdi söhbətlər, motivasiyaedici görüşlər və maarifləndirici tədbirlər həyata keçirilməlidir. Həvəsləndirmə üsulları olaraq vaxtından əvvəl azadetmə, mükafatlandırma, əlavə görüş və telefon danışığı imkanlarının yaradılması islah prosesində müsbət nəticə verir. Məhkumların müsbət davranışı və intizamlılığı onların gələcəkdə cəzalarının yüngülləşdirilməsi, həmçinin məhkəmə instansiyaları tərəfindən müsbət xarakterizə edilməsi üçün əsas rol oynayır. Həbs edilmiş şəxslərin istintaq dövründə və məhkəmə zamanı saxlandığı müəssisə rəhbərliyinin təqdim etdiyi xasiyyətnamə hüquqi baxımdan mühüm sənəddir. Bu sənədlər məhkəmənin cəza təyinatında və məhkumun gələcək taleyinin müəyyən edilməsində əsaslı təsirə malik olur. Beləliklə, cəza icra sistemində peşəkarlıq, analitik düşüncə, psixoloji hazırlıq və qanunların düzgün tətbiqi bir-birini tamamlayan zəncir halqalarıdır. Xidmətin nüfuzunun qorunması, dövlətin qanunlarının gücünün hər bir məhkum tərəfindən hiss edilməsi, eyni zamanda insanın islahına yönəlmiş humanist yanaşma rejimin səmərəli və sabit fəaliyyətini təmin edir.
Nəticə olaraq, cəzaçəkmə müəssisələrində çalışan əməkdaşların yüksək peşəkarlığı, düzgün psixoloji yanaşması və analitik qabiliyyəti həm məhkumların islahında, həm də cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu istiqamətdə aparılan hər bir məqsədyönlü tədbir qanunun aliliyinin təntənəsinə, ədalət və humanizmin real həyata tətbiqinə xidmət edir.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil