İnsan öz zəifliyinə toxunanda dəyişir

Uzun müddət idi ki, həyatımı yalnız iki rəng boyayırdı: evin içinin boz sakitliyi və iş yerinin yorucu işığı. Hər gün eyni qapıdan çıxıb eyni qapıya qayıdırdım. Elə bil həyat məni dairə içində fırladır, mən isə hər gün eyni nöqtəyə qayıdıb dayanırdım. İçimdə yığılan yorğunluq, başımda çarpışan düşüncələr o qədər ağırlaşmışdı ki, bir gün özümü məcbur edib dedim:

“Çıx… az da olsa nəfəs al… şəhərin üzünü gör…” Uzaqlaşmaq istədiyimlə yaxınlaşdığım arasında addımlayırdım. Şəhərin havası sanki üzümdəki yorğunluğu oxuyub məni silkələmək istəyirdi. Beynim isə yenə öz bildiyini edirdi: dağları aranlara, aranları dağlara daşıyır, keçmişin səssiz səhnələrini yenidən canlandırırdı. Hara gedirdim, niyə gedirdim, heç özüm də bilmirdim. Sadəcə gedirdim.

Birdən addımlarımın səsi kəsildi. Şəhərin mərkəzində Qlavnı deyilən yerdə qarşımdakı vitrinin önündə iki qız dayanmışdı. Elə dayanmışdılar ki, sanki dünya onların ətrafında dayanmışdı, hava belə nəfəsini içində saxlamışdı. Yazın təzə açılan səhəri kimi heyran, payız axşamı kimi susqun baxışlarla vitrinin içindəki bir nöqtəyə kilidlənmişdilər. Nəyə baxdıqlarını anlamam üçün bir neçə saniyə kifayət etdi. Manikenlərin üzərinə geydirilmiş gəlinliklər… O ağ paltarların hər qatında sanki işıq gizlənmişdi. Gəlinliklər vitrində yox, qızların gözlərinin içində parlayırdı. O baxışların dərinliyində bir arzu yox, bir ucalıq vardı. O qədər təmiz, o qədər səmimi bir istək ki, insan istəmədən dayanıb onların susqun arzusuna qulaq asırdı.

Düşündüm ki, dünyada çox şeyə baxmışam, səhnələrin açılışlarına, tablolara, qalereyalara, filmlərin ilk nümayişlərinə… Amma heç bir gözlərdə bu qədər saf heyranlıq görməmişdim. Bu iki qız vitrindəki paltara yox, öz gələcəklərinin bir anlığına canlanan təsvirinə baxırdılar. Elə bil paltar yox, onların xəyalı idi, toxunulmaz, incə və əlçatmaz. Onların baxışlarında yazılan cümlə o qədər açıq idi ki: “Bir gün… bircə gün o paltarı biz də geyinə bilərikmi?..”

Bu səhnə məni zərbə kimi vurdu. Bir anda Viktor Hüqonun “Səfillər”indəki Kösettanın oyuncağa həsrətlə baxdığı o unudulmaz səhnə gəldi gözümün qabağına. İnsan arzularının ən təmiz şəkildə göründüyü an məhz gözlərdir. O qızların gözlərində isə sarsıdıcı bir səmimiyyət vardı, qırılacaq qədər incə, təsirlənəcək qədər güclü.

İçimdən anidən, qəfil bir hiss keçdi: “Kaş bir daş götürüb bu vitrinin şüşəsini sındıra bilsəydim… Kaş o iki gəlinliyi götürüb qızların çiyinlərinə qoyub deyə bilsəydim: “Alın… bu gün arzunuz gerçəkləşsin…” Amma edə bilmədim. Cəsarətimin çatmadığı o an insanın öz acizliyini dərk etməsinin necə ağır olduğunu mənə yaşatdı. Sanki içimdəki bir şey sınmışdı. Öz gücsüzlüyümü boynuma alan kimi oldum. O vitrinin şüşəsi mənim üçün bir mağazanın pəncərəsi yox, özümə qoyduğum görünməz sərhəd idi, keçə bilmədiyim, aşmağa ürək etmədiyim bir sərhəd.

Onlardan uzaqlaşdıqca ürəyimdə bir səs daha da güclənirdi: “Əgər iki qızın arzusuna toxuna biləcək qədər cəsarətli deyilsənsə, yazdığın sözlərlə dünyanı dəyişəcəyini iddia etmək hansı vicdana sığır? Sənin yazdıqlarınla yaşadıqların arasında belə uçurum varkən dəyərlərə hansı üzünə sahib çıxırsan?” Küçə boyu gedirdim, amma içimdəki adam mən deyildim. Həmin vitrinin önündə dayanmış qızların baxışı qəlbimə bir sətir yazmışdı:

-Bəzən insan bir vitrinin arxasındakı paltardan çox, öz içində əlçatmaz bir arzu görür. Və ən böyük gerçəklik budur ki, insan ən çox öz zəifliyinə toxunanda dəyişməyə başlayır.

Əli İbrahimov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights