İnkişafın yolu elmdən, əxlaqdan və insan sevgisindən keçir

Bu gün cəmiyyətimizin bəzi qatlarında müşahidə olunan reallıqlar təkcə bir sosial təbəqənin yox, bütövlükdə xalqın gələcəyini təhdid edən ciddi problemlərdən xəbər verir.

El dili ilə desək, “qaraçılar” — əslində etnik və ya sosial mənsubiyyətindən asılı olmayaraq — bəzi insanlarımız elə bir həyat tərzi yaşayırlar ki, bu həyat tərzi nə hüquqa, nə əxlaqa, nə də insanlıq prinsiplərinə uyğun gəlir.

Müsahibələrdən birində 21 yaşlı bir gənc deyir ki, yoldaşı 20 yaşındadır, 7 ildir evlidirlər və artıq 3 uşaqları var. Bu, sadə bir cümlə kimi səslənsə də, əslində uşaq yaşda evliliyin, erkən analığın və bir ailənin hüquqi baxımdan qeyri-sabit qurulmasının bariz göstəricisidir.

Başqa bir şəxs ikinci dəfə evləndiyini bildirir. Yaşı cəmi 18 olan bu şəxsin yoldaşının neçə yaşında olduğu sualına isə cavab verməyə utanır. Bu “utanmaq” əslində bir cavabdır – cavab vermək istəmədiyin məsələ sənin də içində bir təəssüf, bir utanma, bir qeyri-qanuni hal olduğunu göstərir. Burada söhbət sadəcə ailə qurmaqdan getmir. Burada söhbət azyaşlı qızların hüquqlarının pozulmasından, uşaqlıq dövrünün zorla alınmasından, təhsilsiz və perspektivsiz bir həyata sürüklənməsindən gedir.

Bu insanların yaşadığı həyat tərzi, onların mənimsədiyi adətlər əgər insan hüquqlarını, uşaqların inkişaf hüququnu, qadının bərabər hüquqlu olma prinsipini tapdalayırsa, bu artıq “milli adət” deyil, sosial problemdir. Və bu problemin kökü uzun illərdir ki, dövlətin nəzarətindən yayınmış, sistemsiz şəkildə formalaşmış bir sosial bataqlığa dayanır. Bu bataqlıqdan çıxmaq isə yalnız zor gücünə deyil, elm, əxlaq və mənəviyyat vasitəsilə mümkündür.

Bu insanları cəzalandırmaqla deyil, maarifləndirməklə, başa salmaqla, onlara təhsilin vacibliyini göstərməklə, hüquqlarını anlatmaqla cəmiyyətə qazandırmaq olar. Onlara “siz yanlısınız” deyib kənara atmaq yox, “biz sizə doğrunu göstərmək istəyirik” deyə yaxınlaşmaq lazımdır. Hər kəs insan olaraq doğulur, heç kəs cinayətkar, cahil, ya da cəmiyyətdən kənar biri kimi dünyaya gəlmir. İnsan yaşadığı mühitin məhsuludur. Əgər o mühitdə təhsil yoxdursa, qanuni evlilik yaşı gözlənilmirsə, qadınlar işləyir, amma kişilər “adət belədir” deyib məsuliyyətdən yayınırsa, bu artıq fərdi məsələ yox, ictimai təhlükədir.

Dövlət bu məsələyə ciddi yanaşmalıdır. Məcburi təhsil, şəxsiyyət vəsiqələrinin verilməsi, doğum qeydiyyatlarının aparılması, sosial proqramlarla bu ailələrin nəzarətə götürülməsi və maarifləndirilməsi vacibdir. Bu uşaqlar yazıqdır. Onlar valideynlərinin cahil adətlərinə qurban getməməlidirlər. Onlara alternativ yol göstərilməli, gələcəyə ümid verilməlidir. Bu gün təhsilsiz böyüyən bir uşaq, sabah cəmiyyət üçün həm təhlükəyə, həm də itirilmiş potensiala çevrilə bilər.

Nifrətlə yox, sevgiylə. Təəssüf və qəzəblə yox, anlayış və planlı tədbirlərlə bu insanları cəmiyyətə qazandırmaq olar. Ola bilər ki, onların adətləri çox zaman yanlışdır. Amma onların arasında da bacarıqlı, savadlı, istedadlı insanlar var və onları kəşf etmək, yetişdirmək bizim borcumuzdur. Hər millətin yanlış adəti ola bilər, amma hər millət o adətlərə qarşı ayağa qalxacaq sağlam düşüncəli insanlarla inkişaf edə bilər. Bu inkişafın yolu isə elmdən, əxlaqdan və insan sevgisindən keçir.

Əli İBRAHİMOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights