İndi sanki bütün bəşəriyyəti kütləvi miqrasiya məsələləri, dünyanın irqi xəritəsinin dəyişməsi düşündürür. Niyə sanki? Çünki əslində bu yalnız ağ irqi – Avropa və Ş.Amerikanı, bir sözlə, Qərbi düşündürən problemdir, Qlobal Şərqdə və Cənubda belə problem yoxdur. Lakin əsrlərdir Qərb öz problemlərini bəşəriyyətin problemləri kimi təqdim edir.
Bu müstəmləkəçilik, üstün irq inamının yaratdığı düşüncə tərzidir. Həmin düşüncəyə görə, dünyada normal insanlar yalnız ağ irq nümayəndələridir, qalan irqlərdən olanlar yarıminsanlardır. Buna görə də bəşəriyyət (“bəşər” ərəbcə insan deməkdir) deyəndə yalnız ağ irq nəzərdə tutulurdu.
İndi bütün irqlərdən olanları hüquqi olaraq bərabər tutsalar da ağ irqin təhtəlşüurunda bütün irqlərdən üstün olması inamı hələ də qalıb. Bu səbəbdən özləri də hiss etmədən problemlərini bəşəri problemlər kimi görürlər.
Keçək mətləbə.
XXI əsr Asiya və Afrikadan Avropaya kütləvi miqrasiya ilə başladı və bu proses hələ də davam edir. 20 il ərzində Avropa şəhərlərinin simasının necə dəyişdiyini hamımız görürük. 50 il əvvəl bəzi şəhərlərdə qara dərili adam gözə dəymirdisə, indi ağ dərili adamları az görürsən. Belə vəziyyət Avropa və ABŞ-da ifrat sağçıların populyarlaşmasına, faşizmin cücərməsinə səbəb olur. Avropa “vəhşi” miqrantların özbaşınalığından, yerli adət-ənənələri, qaydaları saymamasından hiddətlənir. Bunlar başadüşüləndir, amma…
2-3 əsr əvvəli xatırlayaq. O vaxt nə baş verirdi? Tarixin ən böyük miqrasiyası. Bəli, ən böyük miqrasiya. Lakin miqrasiya Avropaya yox, Avropadan Ş.Amerikaya və Avstraliyaya idi, ağ irq miqrasiya edirdi.
“Mədəni” miqrantlar yerli əhaliyə necə münasibət göstərirdilər? Çox sadə – onları, bu yarıminsanları yer üzündən silməklə, soyqırımı ilə, etnik təmizlənmə ilə. Şimali Amerikada 50 milyondan artıq yerli əhali öldürüldü. Avstraliyada nə qədər öldürüldüyü heç məlum deyil – insan deyilsə, saymağa nə hacət var? Nəticədə Ş.Amerika və Avstraliya “ağardı”.
Avropalılar bununla da kifayətlənmədilər. Hinduları qırıb qurtarandan sonra qul kimi işlətmək üçün afrikalıları Amerikaya daşımağa başladılar. Yəni qara irqin də Amerikaya kütləvi miqrasiyasını avropalılar təşkil etdi…
Elə XX əsrdə ağdərili yəhudi avropalıların da Yaxın Şərqə kütləvi miqrasiyası yerli xalqın soyqırımı, etnik təmizlənmə ilə nəticələndi.
Bunları biləndə düşünürsən ki, bəlkə Avropanın “qaralması” onun 2-3 əsr əvvəl atdığı və indi özünə qayıdan bumeranqdır?
Hərçənd indiki kütləvi miqrasiya da ağ irqin əməllərinin nəticəsidir. Bu axın ağ irqin İraq, Əfqanıstan, Liviya və Suriyanı xarabazara çevirməsi nəticəsində baş verdi.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
