
Bu gün İncəsənət və Bilik Mərkəzində Od Çərşənbəsi balaca fidanların iştirakı ilə böyük sevinc və coşqu içində qeyd olunub.Tədbirdə mərkəzin kiçik yaşlı şagirdləri Novruzun qədim və zəngin ənənələrini əks etdirən maraqlı proqramla çıxış ediblər. Balacalar Od Çərşənbəsinin mənası, odun təmizlik və yenilənmə rəmzi olması haqqında şeirlər söyləyib, mahnılar oxuyublar. Onların ifasında təqdim olunan səhnəciklər qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Tonqal ətrafında toplaşan uşaqlar “Ağırlığım-uğurluğum odda yansın” deyərək qədim adətləri canlandırıblar. Milli geyimdə olan balacalar bayram ab-havasını daha da rəngarəng edib, səməni və Novruz atributları ilə bəzədilmiş guşələr tədbirə xüsusi gözəllik qatıb.
Tədbirin əsas məqsədi balaca uşaqlara milli-mənəvi dəyərlərimizi aşılamaq, Novruz ənənələrini onlara sevdirərək yaşatmaq olub. Sonda xatirə şəkilləri çəkdirilib və uşaqlara bayram sovqatları təqdim olunub.
Belə tədbirlər körpə fidanların milli ruhda böyüməsinə və adət-ənənələrimizi sevərək öyrənməsinə böyük töhfə verir. 🌿🔥
Adət-ənənələrimizi qoruyaq!