“İmtahansız” ali təhsil vəd edən təkliflər ciddi şəkildə artmaqdadır

ELAZ.İNFO xəbər verir ki, son illər Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında aşağı nəticə göstərmiş gənclərə yönəlik xarici ölkələrdə xüsusilə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrdə “imtahansız” ali təhsil vəd edən təkliflər ciddi şəkildə artmaqdadır.

Bu təkliflər adətən sosial şəbəkələrdə, qeyri-rəsmi şirkət və təhsil mərkəzləri vasitəsilə təqdim edilir və “distant”, “onlayn”, “qiyabi” və “əyani” təhsil növləri adı altında, guya tam hüquqlu diplomla nəticələnəcəyi bildirilir. Lakin bu vəziyyətin hüquqi aspektləri, riskləri və gələcəkdə diplomun tanınması məsələləri ciddi narahatlıq doğurur və Azərbaycan qanunvericiliyinin bu məsələyə yanaşması aydın şəkildə qiymətləndirilməlidir. Əvvəlcə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və müvafiq dövlət siyasəti ali təhsilin keyfiyyətli, şəffaf və beynəlxalq standartlara uyğun formada təşkil olunmasına yönəlib. Xaricdə təhsil alan vətəndaşlarımızın həmin diplomlarının Azərbaycanda tanınması “Xarici dövlətlərin ali təhsil müəssisələrində verilmiş ixtisasların tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası” ilə tənzimlənir. Bu qaydaları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi müəyyənləşdirir və həyata keçirir. Əgər vətəndaş xaricdə aldığı təhsilin diplomunu Azərbaycanda tanıtmaq istəyirsə, bu zaman onun təhsil aldığı müəssisə rəsmi akreditə olunmuş, dövlət tərəfindən tanınan ali məktəb olmalı, təhsil forması isə müvafiq ölkənin qanunvericiliyinə və eyni zamanda Azərbaycanın təhsil tələblərinə cavab verməlidir. Distant, onlayn və ya qiyabi formada əldə olunan diplomlar məsələsində isə ciddi məhdudiyyətlər mövcuddur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yalnız müəyyən şərtlərlə bu təhsil formaları tanına bilər. Məsələn, onlayn və distant təhsil formasında alınan diplomların tanınması üçün tələb olunur ki, təhsil aldığı ali məktəb beynəlxalq reytinq sistemlərində yüksək pillələrdə yer alsın və təhsil proqramı tam akkreditasiyadan keçmiş olsun. Eyni zamanda təhsilin təşkil forması və müddəti, fənn yükləri, tədris metodikası və imtahan sistemi Azərbaycan Respublikasının normativlərinə uyğun olmalıdır. Əks halda, həmin diplomların ölkədə tanınmaması halları qaçılmazdır.

İmtahansız qəbul məsələsi isə xüsusilə təhlükəlidir. Çünki bu, bir çox hallarda təhsil adına qeyri-qanuni kommersiya fəaliyyəti aparan vasitəçi şirkətlərin işidir və bu “ali məktəblər” ya ümumiyyətlə qeyri-qanuni fəaliyyət göstərir, ya da təhsil sənədləri saxtalaşdırılaraq verilir. Belə hallar isə gələcəkdə diplomun nəinki tanınmaması, hətta diplom sahibi haqqında cinayət işinin başlanmasına qədər nəticələr doğura bilər. Digər tərəfdən, bu cür şübhəli təhsil yolları ilə əldə olunan “bilik” sonradan əmək bazarında da ciddi problemlərə səbəb olur. Həm dövlət, həm də özəl müəssisələr getdikcə daha çox reytinqli universitetlərin məzunlarına üstünlük verir, təhsilin keyfiyyətinə ciddi yanaşırlar. Rəqabət mühitində qeyri-şəffaf şəkildə əldə olunmuş diplom heç bir üstünlük vermir və bu insanlar uzunmüddətli perspektivdə həm karyera baxımından, həm də sosial status baxımından itirən tərəf olurlar. Bu halda, təhsilin xaricdə alınması yalnız o zaman məqsədəuyğundur ki, təhsil müəssisəsi rəsmi akkreditə olunmuş, beynəlxalq səviyyədə tanınan və tədris prosesi keyfiyyət göstəricilərinə uyğun olan bir universitet olsun. Bu yolla gedən tələbə həm bilik əldə edir, həm də gələcəkdə diplomunun tanınması və iş tapması sahəsində ciddi çətinliklərlə qarşılaşmır.

Sonda isə qeyd olunmalıdır ki, “təhsil bir sənəddən ibarət deyil”. Təhsil prosesinin məqsədi yalnız diplom almaq yox, real bilik, bacarıq və təcrübə qazanmaqdır. Diplom varsa, amma arxasında bilik yoxdursa bu yalnız fərdi yox, cəmiyyətin özü üçün də təhlükədir. Yalnız formal sənədlərlə sistemə daxil olan “mütəxəssislər” sonradan bu sistemin çökməsinə səbəb olur. Buna görə də, hüquqşünas olaraq eyni zamanda xaricdə təhsil almış mütəxəsis kimi valideynlərə və gənclərə çağırışım odur ki, təhsildə yüngül və qısa yol axtarmasınlar. Təhsil ciddiyyət, zəhmət və məsuliyyət tələb edir. Qanunsuz və ya şübhəli yollardan əldə olunan hər şeyin sonu ya hüquqi, ya da mənəvi bir faciədir.

Əli İBRAHİMOV

Hüquqşünas, vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights