Rusiya rəhbərliyinə tarix və toponimika dərsi keçməyimizin doğurduğu nəticələr…
İmperiyanın dağılması Tatarstandan başlayacaq…
TASS-ın bizim Xankəndi şəhərini “Stepanakert” adlandırmasına cavab olaraq Azərbaycan XİN-in və AZƏRTAC-ın Rusiya şəhərlərini öz tarixi adları ilə adlandıracağı barədə xəbərdarlığına Kreml propaqandistlərinin həddindən artıq əsəbi və həm də narahat reaksiya vermələri həm də Tatarstan Respublikasının Rusiyadan ayrılması məsələsinin yenidən gündəmə gəlməsi qorxusu ilə bağlıdır.
Azərbaycan mediasının Kalininqradı Köniqsberq, Orenburqu Orınbar, Novorossiyski Sucukkale, Volqa çayını isə İtil kimi təqdim edəcəyi ilə bağlı xəbərdarlığı bütün Türküstan (Mərkəzi Asiya) ölkələrində olduğu kimi, hazırda Rusiya Federasiyasının əsarəti altında olan türk xalqlarının da böyük marağına səbəb olub, ciddi əks-səda doğurub.
Eyni zamanda, Tatarstan Respublikasında da bir çox insanlar Azərbaycan KİV-lərinin bu təşəbbüsünü xüsusi rəğbətlə qarşılayıblar. Bunu tatar fəalların sosial şəbəkələrdəki rəylərindən də görmək mümkündür. Tatarstan türkləri sosial media üzərindən Azərbaycana öz təşəkkürlərini bildirirlər – Rusiya rəhbərliyinə toponimika dərsi keçməyimizə, Rusiya şəhərlərinin unutdurulmuş tarixi adlarını gündəmə gətirdiyimizə görə!
Azərbaycanın bu addımı çar Rusiyası tərəfindən işğal edilmiş və bu gün də Rusiya Federasiyasının sömürgəsi altında olan qədim türk yurdlarında milli oyanış üçün, müstəqillik hərəkatı üçün qığılcım rolunu oynaya bilər. Kremli də qorxudan məhz budur. Rusiyalı siyasətçilərin və bloger-propaqandist şəbəkəsinin Kremlin göstərişi ilə hazırda Azərbaycanın üzərinə şığıması da elə bu qorxudan qaynaqlanır.
Moskvada yaxşı başa düşürlər ki, qurama imperiya olan Rusiya Federasiyası hər an parçalana, köhnə SSRİ kimi dağılıb siyasi səhnədən tamamilə silinə bilər. Və bunu da dərk edirlər ki, dağılma prosesinin başlanması üçün ən potensial ünvan isə məhz Tatarstan Respublikasıdır.
1991-ci ildə öz müstəqilliyini elan etmiş və bu gün də rəsmi olaraq Rusiya Federasiyasının tərkibinə daxil olmayan Tatarstan Putin Rusiyası ilə əlaqələri kəsmək və öz suverenliyini elan etmək üçün bir nömrəli namizəddir. Tatarstan türkləri hər an ayağa qalxa bilərlər.
P.S. Konstantin Zatulin, Pyotr Tolstoy kimi şovinistlərə, nədənsə, elə gəlir ki, Tatarstan türkləri ayağa qalxmaq siqnalını məhz Bakıdan və ya Ankaradan alacaqlar. Lakin onlar bir həqiqəti anlaya bilmirlər ki, bu gün Kremldəki “karlik”in – Putinin yürütdüyü sərsəm siyasətin özü Rusiyanı sürətlə parçalanmağa doğru aparır. Bəli, Putin tarixə Rusiya imperiyasının qəbirqazanı kimi düşə bilər…
Bəybala MİRZƏYEV
Siyasi şərhçi