Yazının əvvəli -https://elaz.info/nadir-elementlərin-ixraci-ilə-bagli-cinin-movqeyi-yumsalmir/
Vaxtın ABŞ-ın xeyrinə işləmədiyi üçün ABŞ liderlərin görüşünün mümkün qədər tez baş tutmasını istəyir, Çin isə vaxtın onun xeyrinə işlədiyi üçün buna tələsmir. ABŞ-da qarşıda bayramlar mövsümü gəlir – Halloven Günü, Şükranlıq Günü, Milad bayramı. Bu mövsüm insanların ən çox alış-veriş etdiyi dövrdür. ABŞ Çindən idxalı artıra bilməsə, artan qiymətlər ölkədə narazılıq yarada bilər. Hərbi sənaye lobbisi də nadir element çatışmazlığına görə Trampa təzyiq göstərir. Konqresə aralıq seçkilər qabağı əhalinin və sponsorların narazılığını yatırtmaq çox vacibdir.
Çin lideri ilə görüşü mümkün etmək üçün ABŞ artıq müəyyən güzəştlərə gedib. Tayvanın hazırkı prezidenti və Tayvanın müstəqilliyinin kəskin tərəfdarı Uilyam Layın ABŞ-a girişinə icazə verilməyib. Əvəzində Alyaskada ABŞ-ın aşağı səviyyəli məmurları ilə gizli görüşü keçirilib və Çini qıcıqlandırmamaq üçün bu görüş mətbuatda işıqlandırılmayıb. Bundan başqa, Ağ Ev raketlər və dronlar da daxil olmaqla Tayvana $400 milyonluq hərbi yardımı dayandırıb.
Sentyabrın 19-da Tramp 2-ci dəfə Siyə zəng edib. Saat yarım çəkən danışıqlardan sonra Si Trampla görüşməyə razılıq verib. Əvvəl 31 oktyabrda Koreyada APEC sammitində, sonra ABŞ-da, daha sonra Çində görüşlərin keçiriləcəyi planlaşdırılır. Amma bu görüşlərin baş tutacağı hələ də dəqiq deyil.
The Wall Street Journal nəşri yazır ki, Si görüşmək üçün Trampdan Tayvanın müstəqilliyinə qarşı olduğunu rəsmən bəyan etməsini tələb edir.
Koreyada görüşə bilərlər, lakin bu görüş sammit çərçivəsində olacaq deyə orada ticarət razılaşması imzalana bilməz, yalnız müəyyən ilkin şifahi razılaşmalar ola bilər. Bunun üçün əsas olmasa, Si hətta Koreyaya getməyə, başqa şəxsi göndərə bilər.
ABŞ-a getmək üçün isə ticarət razılaşmasının şərtləri əvvəlcədən razılaşdırılmalıdır. Razılaşma üzrə danışıqlara başlamaq üçün Çin ABŞ-ın Tayvandan əlini üzməsini tələb edir.
ABŞ üçün Çinin tələbini yerinə yetirmək də pisdir, yetirməmək də.
İmperiyalar çökəndə gülünc vəziyyətdə qalırlar.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi