ELAZ.İNFO xəbər verir ki, fevral 14-də Ədalət Partiyasının qərargahında görkəmli hüquqşünas, ictimai-siyasi və dövlət xadimi, hüquq elmləri doktoru, sabiq millət vəkili və Ədalət Partiyasının qurucusu İlyas Abbas oğlu İsmayılovun xatirəsinə həsr olunmuş “İlyas İsmayılov və Ədalət” adlı konfrans keçirilib.
Tədbirdə hüquq ictimaiyyətinin nümayəndələri, sabiq prokurorluq və ədliyyə işçiləri, alimlər, ziyalılar, jurnalistlər, şair və yazıçılar, həmçinin Ədalət Partiyasının rəhbərliyi və üzvləri iştirak ediblər.
Əvvəlcə İlyas İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində İlyas İsmayılovun həyat və fəaliyyətindən bəhs edən foto və video təqdimat nümayiş olunub. Arxiv materialları, ailə fotoları, dövlət və partiya fəaliyyətinə aid kadrlar onun çoxşaxəli fəaliyyətini əks etdirərək iştirakçılarda dərin təəssürat yaradıb. Tədbirin aparıcısı təqaüddə olan baş ədliyyə müşaviri, İ.İsmayılovun həyat və yaradıcılığına həsr olunmuş “Mən bu zamana sığmazam” kitabının müəllifi Ələmdar Məmmədova İlyas İsmayılovun peşəkar fəaliyyəti, prinsipial xarakteri və insanlara münasibətindəki yüksək mənəvi keyfiyyətlərindən danışıb.
Ardınca xatirə çıxışları dinlənilib. Çıxış edənlər sırasında Bakı şəhərinin keçmiş prokuroru Nizami Əliyev, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, prokurorluğun keçmiş əməkdaşı Sərdar Əliyev, baş ədliyyə müşavirləri Adil Əsgərov və Əmirulla Şirvanov, Ali Məhkəmənin üzvü Müzəffər Ağazadə, İ.İsmayılovun tələbə yoldaşı və sabiq prokuror Hüseyn Hüseynov, həmçinin sabiq prokuror Əlabbas Quliyev və digər hüquqşünaslar yer alıblar. Natiqlər İlyas İsmayılovun peşəkarlığını, qanunun aliliyinə sadiqliyini və prinsipial mövqeyini xüsusi vurğulayıblar, həmçinin onu gənc hüquqşünaslar üçün məktəb, müəllim və mənəvi dayaq kimi təqdim ediblər.
Konfransda həmçinin ictimaiyyət nümayəndələri və ziyalılar – Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Tahir Xudiyev, Tovuz Xeyriyyə Cəmiyyətinin üzvü Vidadi Əhmədov, şair Rəfail İncəyurd, yazıçı Nurəddin Ədiloğli çıxış edərək İ.İsmayılovun ictimai nüfuzu, etik davranışı və insanlıq keyfiyyətlərindən danışıblar. Ədalət Partiyası Ali Məclisinin sədri Rahim Nuriyev isə çıxışında İlyas İsmayılovun ideyalarının partiyanın gələcək fəaliyyətində əsas istiqamət olaraq qalacağını bildirib.
Konfrans açıq müzakirələrlə davam edib. İştirakçılar səmimi xatirələrini bölüşərək İ.İsmayılovun sadəliyindən, təvazökarlığından, prinsipiallığından və dövlətə sədaqətindən danışıblar.
Sonda çıxış edən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli İlyas İsmayılovun ideyalarının bundan sonra da yaşadılacağını, hüququn aliliyi, şəffaflıq və insan ləyaqətinə hörmət prinsiplərinin Ədalət Partiyasının fəaliyyətində əsas xətt olaraq davam etdiriləcəyini bildirib və iştirakçılara təşəkkür edib.
Konfransdan sonra iştirakçılar İlyas İsmayılovun məzarını ziyarət ediblər. Onlar mərhumun məzarı önünə əklil və gül dəstələri qoyaraq İ.İsmayılova ehtiramlarını bildiriblər. Ailə üzvləri adından Gündüz İsmayılov çıxış edərək göstərilən ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.
Tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam etdirilib. Konfrans iştirakçıları yekdilliklə qeyd ediblər ki, İlyas İsmayılovun həyatı Azərbaycan dövlətçilik tarixində ədalətə və qanuna sədaqətin parlaq nümunəsi kimi yaşayacaq.


Məlumat üçün bildirək ki, fevralın 17-də saat 11.00-dan Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun dünyasını dəyişməsinin ildönümü Heydər Məscidində keçiriləcək.
Günel GÜNTAC