Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) ilə iqtisadi əlaqələrini yenidən qurmaq və vahid bazara çıxış əldə etmək cəhdləri London üçün baha başa gələ bilər. “The Times” qəzetinin verdiyi məlumata görə, Brüssel bunun müqabilində krallıqdan hər il təxminən 1,15 milyard avro üzvlük haqqı tələb edir.
ELAZ.İNFO xəbər verir ki, bu məsələnin mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Baş nazir Kir Starmer tərəfindən prinsipial olaraq razılaşdırılması gözlənilir.
Avropalı diplomatların bildirdiyinə görə, inteqrasiya istəyən hər bir dövlət bunun bədəlini ödəməlidir. Bu sistem İsveçrə modelinə əsaslanır: İsveçrə nümunəsi: Aİ üzvü olmayan İsveçrə 2025-ci ildən etibarən vahid bazara çıxış üçün hər il 375 milyon avro ödəməyə razılıq verib. Britaniya üçün hesab: Böyük Britaniyanın Ümumi Daxili Məhsulu (ÜDM) İsveçrədən təxminən dörd dəfə çox olduğu üçün Londona qoyulan illik məbləğ 1,15 milyard avro civarında müəyyən edilib. Brexit-dən sonra ilk: Əgər razılıq əldə olunarsa, bu, Brexit prosesindən sonra Londonun Brüsselə etdiyi ilk birbaşa ödənişlər olacaq.
Baş nazir Kir Starmerin Aİ ilə yaxınlaşma siyasəti ölkə daxilində ciddi etirazlarla qarşılanıb. Müxalifət hökuməti xalqın 10 il əvvəl verdiyi iradəyə “xəyanət etməkdə” və Brexit nəticələrini geri qaytarmağa çalışmaqda ittiham edir
Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən referendumda britaniyalıların 51,9%-i Aİ-dən çıxmağa səs vermişdi. Ölkə rəsmən 2020-ci il fevralın 1-də birliyi tərk edib. Hazırkı təkliflər isə tam üzvlük yox, iqtisadi və müdafiə sahəsində daha sıx əməkdaşlığı nəzərdə tutur.
Ruslan MƏMMƏDOV

