-“Mən qorxuram ki, bir gün texnologiya sadə insan ünsiyyətini üstələyəcək
və dünyanı axmaqlardan ibarət bir nəsl bürüyəcək”.
Albert Eynşteyn
Dahi alimin bu fikri, süni intellektin inkişafı dövründə bizə daha da inandırıcı gəlir. Bəs biz buna qarşı necə müqavimət göstərməliyik? Biz gənc nəslin sağlam böyüməsini, o cümlədən, sağlam beyinə sahib olmasını diqqətdə saxlamalıyıq.
İnsanın inkişafı, beynin gənc qalmasının ən asan yolu əl ilə yazmaq vərdişini saxlamaqdır. Bu uşaqlara, gənclərə, yaşlı insanlara da çox faydalıdır. Bu həm də hər kəs üçün əlçatandır.
Beyninizi cavan saxlamaq istəyirsiniz? Bunu etmək düşündüyünüzdən daha asandır!
Əl il yazmaq beyni gənc saxlayır. Çünki, qələmlə kağızda yazmaq yeni neyron əlaqələrin yaranmasını stimullaşdırır və beynin fəaliyyətini yaxşılaşdırır. Əl yazısı beynin müxtəlif hissələrini aktivləşdirir və əl motorikasını inkişaf etdirir. Elektron yazışmalardan əl ilə yazmağa keçid diqqəti artırır və informasiyanı daha yaxşı yadda saxlamağa kömək edir. Bu uşaqların yaddaşını gücləndirir və diqqət yayınmasının qarşısını alır.
Əl ilə yazarkən beyində də dəyişikliklər baş verir. Belə ki, əl ilə yazmaq diqqəti səfərbər edir, düşüncəni cəmləşməyə məcbur edir və lazımsız məlumat axınını bloklayır. Retikulyar aktivləşdirmə sistemi yazı zamanı işə düşür və diqqətinizi artırır.
Bu sahədə olan elmi araşdırmalar və faktlar maraqlı nəticələr göstərir. Skandinaviya alimləri bildirirlər ki, əl yazısı zamanı beyində daha mürəkkəb proseslər baş verir. Əl ilə yazan məktəblilər mətnlərində daha çox epitet və metafora istifadə edirlər. Dahi yazıçılar çox vaxt əsərlərini əl ilə yazırlar ki, bu da yaradıcılığa yaxşı təsir göstərə bilər.
Əl ilə yazan insanın beyni daha sağlam olur. Yaşlı insanlar əl ilə yazamaqla demensiyanın (ağıl zəifliyinin) qarşısını ala bilir, yaddaşı gücləndirir. Gündəlik planların və tapşırıqların əl ilə yazılması stressi azaldır və beynin hədəflərə fokuslanmasına kömək edir.
Bu amilləri nəzərə alaraq müəllimlər, valideynlər, ümumən təhsil sistemi öz işlərində bəzi korreksiyalar etməlidirlər. Elektron qeydlərdən əl yazısına keçməklə, beynimiz bizə təşəkkür edəcək. Bu üsulla yaddaş və yaradıcılığı inkişaf etdirmək olar.
Gənclərimizin sağlam düşünməsi üçün onların sağlam və güclü beyinə ehtiyacları var. Gəlin, bunun üçün ilk addımları elə indi atmağa başlayaq.