“İbrahimi sazişi”ni bloklamağa çalışırlar

Tramp İsrail dövlətini faktiki olaraq ABŞ-ın 51-ci ştatına çevirib… Bu da Trampın sıx dəstəyi ilə Beniamin Netanyahunun Qəzzada yürütdüyü təcavüzkar-soyqırımçı siyasətin son nəticəsi: Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya bu gün rəsmi olaraq Fələstin dövlətini tanıdılar.

Böyük ehtimalla, bu ölkələrin ardınca Fransa, Belçika, Lüksemburq və bir çox digər ölkələr də tezliklə bu prosesə qoşulacaq və Fələstin dövlətinin mövcudluğunu tanıyacaq.

Bu, olduqca ciddi hadisədir, böyük gəlişmədir.

Tramp-Netanyahu cütlüyünün Qəzzaya qarşı ağlasığmaz qəddarlığı BMT-ni və dünyanın bir sıra ölkələrini hərəkətə keçməyə məcbur etdi. Onlar Fələstin dövlətini tanımaqla Qəzzada törədilən genosidi dayandırmağa və eyni zamanda, “İbrahimi sazişi”ni bloklamağa çalışırlar.

İsrail çox gözəl ölkədir, yəhudi xalqı da bacarıqlı, işgüzar və çox istedadlı xalqdır. Vaxtlə İsrailin Qolda Meir kimi, İshaq Rabin kimi sülhsevər baş nazirləri də olub və onlar ərəb ölkələri ilə sülh danışıqlarının tərəfdarı kimi çıxış ediblər.

Əgər 1995-ci ilin noyabrında Bar-İlan universitetinin 25 yaşlı yəhudi əsilli qatı millətçi tələbəsi Yiqal Amir tərəfindən açılan atəş nəticəsində İsrailin Nobel Sülh Mükafatı almış baş naziri İshaq Rabin qətlə yetirilməsəydi, onun Fələstin Azadlıq Təşkilatı (FAT) rəhbəri Yasir Ərəfat ilə imzaladığı “Oslo razılaşmaları”nın əsasında Fələstin dövləti dərhal yaradılacaq və dünya birliyi tərəfindən tanınacaqdı. Lakin törədilən sui-qəsd bu prosesi düz 30 il yubatdı.

Və budur, aradan 30 il keçəndən sonra indi müxtəlif ölkələr bir-birinin ardınca Fələstinin dövlət müstəqilliyini rəsmən tanımağa başlayırlar.

Bu dövlətləri hərəkətə keçməyə vadar edən əsas amillərdən biri isə məhz Donald Trampın yürütdüyü dağıdıcı-imperialist siyasətdir. Tramp hal-hazırda Netanyahunun əli ilə İsrail dövlətini faktiki olaraq ABŞ-ın 51-ci ştatına və Ağ Evin Yaxın Şərqlə bağlı yeni planının içraçısına çevirib. İsrail hazırda tam olaraq ABŞ-dan asılı vəziyətə düşüb və suverenliyini itirib.

Trampın hərtərəfli dəstəyinə güvənən Netanyahu həm Qəzzanı tamamilə tarmar etmək siyasətini həyata keçirməyə başlayıb, həm də “HƏMAS-a qarşı mübarizə” bəhanəsi ilə müxtəlif müsəlman ölkələrinə qarşı təcavüzkar hücumlara təşəbbüs göstərir.

Qəzzada törədilən qırğınların isə son nəticədə İsrailin az qala bütün dünya tərəfindən təcrid olunmasına gətirib çıxarması gözlənilən idi. Bu gün ABŞ-dan başqa heç bir ölkə Netanyahunun zorakılıq siyasətinə açıq dəstək vermir.

Elə Netanyahunun özü də artıq dərk etməyə başlayıb ki, onun yürütdüyü ifrat davakar siyasət sonda İsrailin bütün dünya tərəfindən təcrid olunmasına, iqnor edilməsinə gətirib çıxarıb. Lakin Netanyahunun dayanmaq fikri yoxdur. Onun bu yaxınlarda xalqa müraciətində “Biz qədim Spartalılar kimi hər cür çətinliklərə, sıxıntılara hazır olmalıyıq” mesajını səsləndirməsi də açıq-aydın bunu göstərir ki, Netanyahu öz şəxsi siyasi maraqlarından ötrü hətta bütün İsrail xalqını ağır məhrumiyyətlərə və dünyadan tam təcrid olunmağa məhkum etməyə hazırdır.

Lakin İsrailin siyasi elitasında və sıravi yəhudilər arasında Netanyahunun ultra millətçi, sağçı aqressiv siyasətini qəbul etməyən, bu siyasəti sərt şəkildə qınayanlar da az deyil. Məhz buna görə də Netanyahunun “biz super Spartalı olmalıyıq” mesajı İsrailin sağlam qüvvələri tərəfindən kəskin tənqidə məruz aldı. Onlar etiraf edirlər ki, Netanyahunun sərsəm siyasəti bir zamanlar Yaxın Şərqin ən demokratik ölkəsi sayılan və geniş beynəlxalq əlaqələrə, beynəlxalq dəstəyə malik ölkə kimi tanınan İsrailin bu gün “izqoy” ölkəyə çevrilməsinə səbəb olub. Ona görə də bu gün hətta ən mötədil, neytral ölkələr də belə İsrailin Qəzzaya qarşı təcavüzkar siyasətini qınamağa başlayır.

Çünki bu gün İsrail ordusu artıq təkcə terrorçu təşkilata (HƏMAS-a) qarşı deyil, həm də bütövlükdə Qəzza xalqı ilə döyüşür, uşaqlar və qadınlarla döyüşür.

Və dəhşətli durum artıq o həddə çatıb ki, BMT-nin baş katibi Antoniu Quterreş İsrailin Qəzza şəhərinə genişmiqyaslı quru hücumunu bu yaşayış məntəqəsinin sistemli şəkildə dağıdılması kimi qiymətləndirməli oldu.

A.Quttereşdən sitat:

“Qəzzada bu gün baş verənlər dəhşətlidir. Biz rayonların kütləvi dağıdılmasını, Qəzza şəhərinin sistemli şəkildə yerlə-yeksan edilməsini görürük. Biz mülki şəxslərin kütləvi qətlini müşahidə edirik və mən baş katib olduğum müddətdə heç bir münaqişədə belə bir vəziyyətə rast gəlməmişəm”.

Ötən gün Roma şəhərində Müqəddəs Pyotr Meydanına toplaşan insanlara müraciət edən Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo isə insanlara sülh lazım olduğunu bildirərək, Qəzzanı “şəhid torpaq” adlandırdı.

P.S.1992-ci ilin 26 fevralında bizim Xocalı da şəhid torpağa çevrilmişdi.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights