ELAZ.İNFO xəbər verir ki, 20-21 Noyabr 2025-ci il tarixində Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin 150 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu keçiriləcək.
Sözardı:Simpoziumun məqsədi və əhəmiyyəti
Simpoziumun keçirilməsində əsas məqsəd türk dünyasının zəngin musiqi folklorunun, xüsusən balaban, zurna və saz kimi musiqi alətlərinin tarixi köklərini, mədəni kimlikdəki yerini, kollektiv mədəni yaddaşdakı izlərini elmi müstəvidə araşdırmaq, müasir yanaşmalar əsasında təqdim etməkdir.
Türk xalqlarının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrdən biri də milli olduğu dərəcədə dünyəvi dəyərləri ifadə edən qədim nəfəs alətimiz olan balabandır. Balabanın adına “Kitabi – Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin, eləcə də orta əsrlərin qüdrətli musiqi xadimi Ədbülqadir Marağayinin risalələrində rast gəlinir. Hazırda balabanın kifayət qədər geniş repertuarı vardır. Tarixən zurnaçı və aşıq dəstələrində möhkəm yer tutmuş balabanda qədim xalq musiqi nümunələri, muğamlar məharətlə ifa edilir. Balabanın həzin və yumşaq tembri, ifaçılıq məziyyətləri Azərbaycan bəstəkarlarını da cəlb etmiş, müxtəlif janrlı əsərlərdə ondan solo və orkestr aləti kimi istifadə olunmuşdur.
Türk Dünyasında musiqi folkloru zəngin, çoxqatlı, dinamik bir irsdir, sənət, həm də kollektiv mədəni kimliyin ifadə vasitəsidir. Musiqi folkloru vasitəsilə ötürülən kodlar milli-mədəni yaddaşın formalaşmasında aparıcı rol oynayır. Aşıq yaradıcılığı, xalq musiqisi (mahnılar və rəqs melodiyaları), milli musiqi ənənələri və yerli məktəblər, musiqi alətləri, onların semantik yükü Simpoziumun əsas elmi obyektini təşkil edir.
Bununla yanaşı, Simpoziumun əsas hədəflərindən biri Azərbaycan zurna-balaban məktəbinin görkəmli nümayəndəsi Əli Kərimov – Kalvalı Əli Dədə kimi tanınan ustad sənətkarın yaradıcılığı, təmsil etdiyi sənətə Türk dünyası kontekstində nəzər salınması, fərdi sənətkar taleyinin bütöv bir ənənənin kollektiv mədəni yaddaşdakı mövqeyi baxımından təhlilidir.
Simpoziumun keçirilməsində mühüm məqsədlərdən biri də türk xalqlarının maddi və qeyri-maddi irsinə, folklor nümunələrinə, musiqisinə, musiqi alətlərinə yönəlmiş özününküləşdirmə prosesinə – erməni saxtakarlıqlarına qarşı elmi arqumentlərlə cavab verməkdir.
N.B
