Hüquqşünasın yerinə baytar, mühəndis və ya zootexnik təyin olunur

Təəssüf hissi ilə bildirmək lazımdır ki, bu gün bəzi sahələrdə, xüsusilə də xidmət strukturlarında “peşəkar kadr siyasəti” adı altında tamamilə əksinə proseslər baş verir. Mövcud reallıq onu göstərir ki, xidmətdə kadr məsələlərinə yanaşma şəxsi simpatiyalara, yaxınlığa, yaltaqlığa və qeyri-peşəkar maraqlara əsaslanır. Ədalət və səriştə arxa plana keçirilir. Savadlı, təcrübəli və işinə vicdanla yanaşan mütəxəssislər heç bir qanuni əsas göstərilmədən işdən uzaqlaşdırılır, onların yerinə isə ixtisasla heç bir əlaqəsi olmayan şəxslər təyin olunur. Bu isə xidmətin keyfiyyətinə və nüfuzuna ciddi zərbə vurur.

Bəzən elə qərarlar verilir ki, insan düşünür: görəsən, bu təyinatların arxasında hansı məntiq dayanır? Hüquqşünasın yerinə baytar, mühəndis və ya zootexnik təyin olunur. Bu təyinatların xidmətin məqsədi və mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Belə yanlış kadr yerdəyişmələri xidmətdə mövcud olan problemləri aradan qaldırmaq əvəzinə, yeni və daha böyük problemlərin yaranmasına səbəb olur. İşinə bağlı, məsuliyyətli əməkdaşlar süni səbəblərlə sıxışdırılır, onların zəhməti və təcrübəsi nəzərə alınmır. Belə çıxır ki, xidmətdə əsas meyar səriştə yox, kiminsə rəğbətini qazanmaqdır.

Ən acınacaqlısı isə odur ki, səriştəli əməkdaşlar öz peşə fəaliyyətini davam etdirmək üçün mübarizə apardığı halda, idarəetmədə saray təlxəkləri öz keflərinə uyğun şəkildə, heç bir məsuliyyət hiss etmədən, xidmətin strukturlarını şəxsi oyun meydanına çevirirlər. Onlar üçün xidmətin maraqları deyil, şəxsi rahatlıqları, ətraflarındakı tərifçilərin məmnunluğu daha önəmlidir.

Bu cür vəziyyət həm xidmətin daxilində peşəkar mühitin pozulmasına, həm də cəmiyyətin bu quruma olan inamının zəifləməsinə səbəb olur. Çünki insanlar görür ki, artıq burada hüquq və ədalət yox, tanışlıq və yaltaqlıq ön plandadır. Nə vaxta qədər bu qanunsuzluq və haqsızlıq davam edəcək? Nə vaxta qədər layiqlilər kənarda, bacarıqsızlar isə ön sırada olacaq?

Xidmət strukturunda sağlamlaşdırma və keyfiyyətli iş mühiti yaratmaq üçün ilk növbədə kadr siyasəti dəyişməlidir. Vəzifəyə təyinat meyarı şəxsi maraqlar deyil, peşəkarlıq və dürüstlük olmalıdır. Əks halda, bu yol xidməti öz dəyərindən və cəmiyyət qarşısında olan məsuliyyətindən uzaqlaşdıraraq, onun tənəzzülünə səbəb olacaq. Bu isə nə dövlətin, nə də xidmətin maraqlarına uyğun deyil.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights