İnsan tanımadığı birinə “Siz” deməyi bacarmırsa, deməli o, tərbiyə və mədəniyyətin nə olduğunu hələ öyrənməyib.
“Siz” müraciəti qarşıdakı insanın kimliyinə, statusuna, geyiminə və ya maddi vəziyyətinə görə müəyyən edilmir, bu, sadəcə hörmətin və etik davranışın təməl prinsipidir. Dünyanın hər yerində tanımadığın şəxsə “Siz” demək mədəni insan olmağın göstəricisidir. Təəssüf ki, bizdə çoxları elə düşünür ki, “Siz” deyilməyə layiq olmaq üçün gərək vəzifəli olasan, bahalı maşın sürəsən, ya da səndən nəsə asılı olsun. Halbuki, bu cür düşüncə cəmiyyətin mənəvi geriliyini göstərir. Hörmət və mədəniyyət heç kimin cibində, vəzifəsində və ya titulunda deyil insanın içindədir.
Biz bu səhv davranışa susduqca, kobudluq və sayğısızlıq normal hala çevrilir. Əgər hər birimiz özümüzdən başlayıb qarşıdakı insandan ədəbli müraciət tələb etməsək, sabah uşaqlarımız da eyni kobudluğu təkrar edəcək. Hörmət görmək istəyən əvvəlcə hörmət etməyi öyrənməlidir.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil
