Konqresdə respublikaçılar və demokratlar razılığa gələ bilmədiyi üçün ABŞ-ın yeni büdcəsi təsdiq oluna bilmədi. ABŞ-da büdcə ili 1 oktyabrdan başlayır. Hökumətin failiyyətinin maliyyə mənbəyi büdcədir. O təsdiq olunmadığı üçün 1 oktyabrdan hökumətin fəaliyyəti dayandırıldı.
700 minə yaxın dövlət qulluqçusu ödənişsiz məzuniyyətə çıxarıldı. Yalnız səhiyyə işçiləri, hərbi qulluqçular, sərhədçilər və dayandırılması mümkün olmayan bəzi fəaliyyətlər üzrə minimum sayda qulluqçular işləyəcəklər, lakin onlar da pulsuz işləyəcəklər.
Bu şatdaun ABŞ tarixində 21-cidir. Sonuncu dəfə şatdaun 2018-ci ildə olub və 35 gün çəkib. O ABŞ tarixində ən uzun şatdaun olub. Şatdaunla bağlı hətta ABŞ-ın səfirlikləri də fəaliyyətlərini minimuma endiriblər.
Şatdaun müddətində respublikaçılar və demokratlar danışıqlar aparacaqlar. Razılığa gələ bilsələr, büdcəni təsdiq edə və şatdaunu dayandıra bilərlər. Lakin indiki şəraitdə hər tərəf şatdaunun uzanmasında və buna görə digər tərəfi gözdən salmaqda maraqlıdır – qarşıda Konqresə aralıq seçkiləri gəlir. Ola bilər, bu dəfəki şatdaun ötən dəfəki rekordu təzələsin.
Şatdaun ABŞ hökumətini iflic vəziyyətinə salır. Bu müddət ərzində biz yalnız Tramp-şouya baxacağıq. Sözdən başqa bir şey olmayacaq, çünki nəsə etmək üçün aparat işləməlidir.