Hindistanda halal sertifikatlaşdırmanın qadağan edilməsinə dair çağırışlar edilib.
ELAZ.İNFO xəbər verir ki, Karnataka ştatının Vijayapura əyalətini təmsil edən Bharatiya Janata Partiyasının (BJP) millət vəkili və keçmiş nazir Basanagouda R. Patil Yatnal bütün qurumların halal sertifikatları və halal etiketli məhsullar verməsinin qadağan edilməsini tələb edən Daxili İşlər Naziri Amit Şaha məktub göndərib.
Türkiyənin NTV.com.tr saytı yazır ki, Yatnal, halal sertifikatlaşdırmanın “İslam Şəriətinə əsaslanan” bir təcrübə olduğunu və Hindistan Konstitusiyasında heç bir hüquqi əsası olmadığını iddia edib. O, Hindistan Qida Təhlükəsizliyi və Standartları Təşkilatının (FSSAI) qida təhlükəsizliyi və standartlarına nəzarət edən yeganə hüquqi orqan olduğunu bildirib və soruşub:
-“FSSAI mövcud olduğu halda niyə digər dini əsaslı sertifikatlaşdırma qurumlarına ehtiyac var?”
Millət vəkili həmçinin Halal India, Jamiat Ulama-i-Hind Halal Trust və oxşar təşkilatlar tərəfindən toplanan pulların “qanunsuz fəaliyyətləri maliyyələşdirmək” üçün istifadə edilə biləcəyini iddia edib. Bu iddialar ictimai qeydlərdə təsdiqlənməsə də, Yatnal, halal sertifikatlaşdırmanın iqtisadi cəhətdən “müsəlman bizneslərinə üstünlük verdiyini və digər icmalara zərər verdiyini” söyləyib.
Günel GÜNTAC
