ELAZ.İNFO xəbər verir ki, Hikmət Hacıyev Azərbaycan-İsrail münasibətlərinin mahiyyəti barədə türkiyəli jurnalistlərə açıqlama verib
“Türkiyədə bəzi jurnalist dostlara demək istəyirəm ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkən zaman İsrail Azərbaycana diplomatik dəstək verib. Məhz yəhudi lobbisi Amerika ilə münasibətlərdə bizə dəstək olub, erməni lobbisinə qarşı mübarizədə bizə yardım edib. Biz bunu açıq etiraf edirik və bundan çəkinmirik.
Türkiyənin bəzi media orqanlarında “Azərbaycan sionist rejimlə birləşib”, “Azərbaycan Qəzzada qətliamda əməkdaşlıq edir” kimi açıqlamalar verib. Düzünü desəm, bu, qardaşcasına yanaşma deyil; bu kimi ifadələr qəlbimizə toxunur. Qardaş haqqında belə şeylər yazmaq düzgün deyil.
Onu da unutmaq olmaz ki, 1980-ci illərin sonunda türk diplomatlarını qətlə yetirən ASALA silahlıları və Xocalı qətliamını törədən ermənilər Fələstindəki bəzi düşərgələrdə təlim keçiblər.
Azərbaycan Fələstinlə diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. Biz həmişə Fələstinə humanitar yardım göndərmişik.Bu gün Fələstində baş verən hadisələr Azərbaycanın təsirindən və iradəsindən kənarda baş verir.
Qərb Azərbaycana silah embarqosu tətbiq edəndə İsrail bizə silah satdı. Biz bunu heç vaxt gizlətməmişik.İsrail də bizə diplomatik dəstək verdi. Yəhudi lobbiləri səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaqda bizə kömək etdi.
Bəzən deyirlər Azərbaycan İsrailə neft satır. Bunu yazanlar ümumiyyətlə neft bazarının necə işlədiyini bilmirlər. Biz Ceyhan limanına neft satırıqsa ondan sonra tankerlərə yüklənən neftin bizə heç bir aidiyyatı yoxdur. Bu neft hər cür təyinat yerinə gedə bilər və ona stehsalçı ölkə nəzarət belə edə bilməz. Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərini hər zaman əsas tutur və bütün dövlətlərlə münasibətlərdə, bu məsələyə həssas yanaşır.
Türkiyədə jurnalistlərin bəziləri həm də 30 ildə Azərbaycan xalqının nələr çəkdiyini gözlərinin qarşısına gətirsinlər”.
Natəvan BƏYDİLİ