Hikmət Hacıyev: -“İki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik xarakter daşıyır”

ELAZ.İNFO, BAKI, 19.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi və İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi tranzit yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

İranın İRNA informasiya agentliyinin yazdığına görə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan bu gün günortadan sonra Azərbaycan Prezidentinin Xarici Siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşündə bildirib ki, “İki ölkə arasındakı tarixi əlaqələr və qonşuluq iqtisadi və siyasi əlaqələrin ən yüksək səviyyəyə qaldırılmasını tələb edir.”

Ali Məqamlı Rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi ölkə Prezidentinin bu yaxınlarda Bakıya səfərinə toxunaraq deyib:

“Tehran bu səfərin razılaşmalarının və əvvəlki səfərin anlaşmalarının həyata keçirilməsini ciddi şəkildə izləyir. İqtisadi və ticarət planlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmalıdır”.

Əhmədiyan iki ölkə arasında tranzit yollarının tikintisinin sürətləndirilməsini zəruri hesab edərək vurğulayıb ki, “Bu mühüm planların həyata keçirilməsi ən yüksək səviyyədə təqib tələb edir”.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev söyləyib ki, “İran Prezidentinin Bakıya səfəri iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açdı”.

Tehran və Bakı arasında əməkdaşlıq sənədlərinin imzalanmasına toxunan Hikmət Hacıyev qeyd edib ki, “Hazırda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik xarakter daşıyır və bundan sonra da davam edəcəkdir”.

Azərbaycan Prezidentinin Xarici Siyasət məsələləri üzrə köməkçisi İrandan gələn dəhliz marşrutlarının və tranzit yollarının tikintisinin əhəmiyyətinə toxunaraq, onu da vurğulayıb ki, “Bakı iki ölkə arasında ticarət, bank mübadilələri və birgə enerji sahələrinin inkişafı sahələrində əlaqələri intensiv şəkildə inkişaf etdirmək əzmindədir.”

Materialı hazırladı:

İlahə BAYINDIR

Verified by MonsterInsights