Böyük şair və fikir adamı Nizaməddin Mir Əlişir Nəvai 1441-ci ildə Herat şəhərində (indiki Əfqanıstanda) dünyaya göz açıb. Əlişir Nəvai ilk təhsilini Xorasanda və Səmərqənddə alıb. Hələ gənc yaşlarında türk və fars dillərində yazdığı gözəl şeirlərlə o, bir şair kimi şöhrət qazanıb.
Mədrəsədə təhsil aldığı illərdə Əlişir şahzadə Hüseyn Bayqara ilə yaxın dostluq qurur. Dostu taxt-taca yiyələnəndən sonra Əlişirə sarayda əvvəlcə möhürdar, daha sonra isə vəzir vəzifəsi və əmir titulu verir. Təxminən bir il bu ucqar bölgədə çalışandan sonra o, dövlət işindən könüllü istefa verərək, 1488-ci ildə doğma şəhərinə dönür və ömrünün qalan hissəsini yalnız bədii yaradıcılığa həsr eləyir. 1501-ci ilin yanvarında Əlişir Nəvai doğma Herat şəhərində bu dünyaya gözlərini əbədilik yumur.
Əlişir türkcə şeirlərini «Nəvai», farsca isə «Fani» imzalarıyla qələmə almışdır. Şairin ömrünün son illərində yaratdığı bədii əsərlərdə sufiyanə fikirlər daha qabarıq şəkildə nəzərə çarpır. Özünün Əbdürrəhman Caminin və buxaralı məşhur şeyx Bəhaəddin Nəqşbəndinin tələbəsi olduğunu və eyni zamanda dünya şöhrətli sufilərdən Fəridəddin Əttarı və Mövlanə Cəlaləddin Rumini də özünə ustad saymışdır. “Heyrətül-Əbrar”, “Fərhad və Şirin”, “Leyla və Məcnun”, “Səbai-səyyarəm”, “Səddi-İsgəndəri”, “Lisanüt-təyr”, “Mühakəmətül-lüğəteyn”, “Məcalisün-nəfais”, “Mizanül-övzan”, “Nəsaimül-məhabbə”, “Nəzmül-cəvahir”, “Xəmsətül-mütəhayyirin” və başqa əsərlərinin müəllifidir.
İlahə BAYINDIR