ABŞ Karib dənizində Venesuela sahillərində daha bir qayığı partlatdı. Qayıqda 4 nəfər var idi. ABŞ deyir ki, onlar guya narkokuyerlər idilər.
Xatırladıram ki, son 30 gündə bu ABŞ hərbçilərinin Karib dənizdində eyni motivlə partlatdığı 3-cü qayıqdır. Bu qayıqlarda ölənlərin ümumi sayı 10-dan çoxdur.
İndi gəlin, hadisənin hüquqi tərəflərinə baxaq:
-ABŞ hansı əsasla bu qayıqda olanları narkokuryerlər adlandırır? Qayıq tutulmayıbsa, daşınan yük aktlaşdırılmayıbsa, onu hansı əsasla narkotik adlandırmaq olar?
Bu qayıqlarla ABŞ-a narkotik daşımaq mümkün deyil. Çünki onlarda olan yanacaq Venesueladan ABŞ-ın ən yaxın sahilinə qədər olan məsafənin heç 25%-ni getmək mümkün deyil. Qalan qolu getmək üçün tələb olunan ehtiyat yanacaq qayığa yerləşməzdi.
ABŞ hərbçiləri niyə qayıqları saxlamayıblar? Bu ki daha sürətli hərbi-desant qayıqları üçün asan məsələ idi. Çünki əmin idilər ki, qayıqlar narkotika daşımırlar. Amma güc nümayiş etdirmək üçün qayıqları partlatmaq lazım idi axı.
ABŞ hərbi donanmasının olduğu hövzədə hansı axmaq qayıqla narkotika daşıyar?!
Lap tutaq ki, yuxarıdakı fantastik iddialar həqiqətdir. Narkotika daşımağa görə insan həbs edilə bilər – o da məhkəmənin qərarı ilə, öldürülə bilməz. Əgər hər narkotika daşıyan partladılsaydı, ABŞ şəhərlərinin bir çoxunun, o cümlədən Nyu-Yorkun küçələri bombardman edilməli idi.
Çox güman ki, bu qayıqlarda adi balıqçılar olub.
ABŞ-ın bütün bu əməlləri beynəlxalq qanunvericiliyə görə müharibə cinayətləri sayılır. Amma ABŞ dünyaya demokratiya dərsi keçir – qurd quzulara mərhəmət dərsi keçdiyi kimi.
Bəs ABŞ bu günahsız insanları öldürməklə nə demək istəyir? Məncə, qayıqları partlatmaqla ABŞ Venesuelaya, digər Latın Amerikası ölkələrinə, həmçinin Çinə nümayiş etdirmək istəyir ki, Amerika mənim kurasiyamdadır, heç kim bura gəlməsin, istədiyim üzən obyekti narkokurer adlandırıb, məhv edə bilərəm, heç kim də mənə bir söz deyə bilməz, Amerika qitəsindəki ölkələr də bilsinlər ki, heç kim onların köməyinə gələ bilməz.
Sonda bir analogiyaya diqqətinizi çəkmək istəyirəm.
İsrail Yaxın Şərqdə istədiyi adamı dəlilsiz-sübutsuz terrorçu adlandırıb, istədiyi yerdə məhkəməsiz-filansız öldürür.
ABŞ da Amerikada istədiyi adamı dəlilsiz-sübutsuz narkokuryer adlandırıb, istədiyi yerdə məhkəməsiz-filansız öldürür.
2 dövlət – 1 millət.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi