İranın Naxçıvana PUA-larla zərbəsi ilə əlaqədar prezident İlham Əliyevin, bütövlükdə Azərbaycan dövlətinin və cəmiyyətinin tutduğu mövqenin və sərt reaksiyasının alternativsizliyi heç kəsdə şübhə döğurmur.
İran rejimi birinci dəfə deyildi ki, Azərbaycan Respublikasına qarşı belə təxribatlar və terror aksiyaları törədirdi. İran rejimi dəfələrlə Azərbaycanın hava və su məkanını pozub. Hətta 44 günük Vətən müharibəsi dövründə Azərbaycanın quru sərhədlərini pozmağa cəhdlər göstərib. Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirib, dəfələrlə Ermənistanı özünün qırmızı xətti hesab etdiyini bildirib. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı təşkil edib. İran açıq şəkildə Zəngəzur dəhlizinə qarşı çıxır, Türkiyə–Azərbaycan birliyini, bütövlükdə türk dünyasının inteqrasiyasını təhlükə kimi görür. İran rəsmiləri dəfələrlə Azərbaycana qarşı hərbi əməliyyatlar keçirilməsinin zəruriliyini bəyan ediblər.
İranın Naxçıvana, özü də mülki obyektlərə PUA-larla zərbə endirməsi İran rəsmilərinin hədə-qorxu gəlməkdən əməli fəaliyyətə keçdiyinin əyani göstəricisidir. Bu hücum haqlı olaraq İran rejiminin Azərbaycana qarşı illərlə apardığı düşmənçilik münasibətinin nəticəsi, Azərbaycanın milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı növbəti qəsd kimi qiymətləndirilir. Ona görə də İranın Naxçıvana hücumuna dövlətimizin və cəmiyyətimizin belə sərt reaksiya göstərməsi tamamilə başa düşüləndir. Bu məsələdə Azərbaycanın siyasi qüvvələrinin demək olar ki, eyni mövqedən çıxış etməsi təqdirəlayiqdir. Əksər dövlətlərin bu hücumu pisləməsi də Azərbaycanın beynəlxalq müstəvidə apardığı siyasətin uğuru və beynəlxalq münasibətlər sisteminin vacib iştirakçısına çevrilməsinin təsdiqi kimi dəyərləndirilməlidir.
İranın terroruna Azərbaycan dövlətinin və cəmiyyətinin, o cümlədən siyasi cameənin birgə reaksiyası göstərdi ki, heç kim Azərbaycanla hədə-qorxu, zor gücünə, təxribat və terrorla danışa bilməz. Bütün daxili narazılıqlara baxmayaraq ölkəmizin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı xarici təhdidlərə qarşı milli birlik nümayiş etdirə bilirik.
Qulamhüseyn ƏLİBƏYLİ
Siyasi şərhçi