ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən La-Quardia hava limanında ağır aviasiya qəzası baş verib. “Air Canada Express” şirkətinə məxsus təyyarənin yanğınsöndürmə maşını ilə toqquşması nəticəsində iki nəfər həlak olub.
NBC News telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, toqquşma nəticəsində təyyarənin kapitanı və ikinci pilotu yerindəcə keçinib. Hadisənin baş vermə səbəbləri hələlik rəsmi şəkildə açıqlanmasa da, fövqəladə hallar xidmətləri ərazidə araşdırmalara başlayıb. Hava limanının uçuş-enmə zolağında təhlükəsizlik tədbirləri gücləndirilib və ilkin istintaq qrupu hadisə yerində işləyir.
Toqquşmadan sonra hava limanının fəaliyyətində müvəqqəti axsamalar yaranıb. Təyyarənin yanğın maşını ilə toqquşma anı və qəzanın dəqiq mexanizmi hava limanının müşahidə kameraları və “qara qutu” məlumatları əsasında müəyyən ediləcək.
Qeyd edək ki, “Air Canada Express”in bu uçuşu ilə bağlı təyyarədə başqa sərnişinlərin olub-olmaması və ya qəzanın hansı texniki şəraitdə baş verdiyi barədə əlavə məlumat yaxın saatlarda veriləcək.
Ruslan MƏMMƏDOV