Həyatda ən ağır, ən məsuliyyətli və ən çətin peşə insan olaraq yaşamaqdır. Bu yolun sonunda nə rütbə soruşulur, nə vəzifə, nə də topladığın sərvət. Bu yol yalnız bir sualla bitir, şərəflə yaşadınmı, yoxsa susaraq itirdinmi özünü?Bir loxma çörək naminə şərəfini ayaqlar altına atmağa dəyməz. Bir anlıq nəfsin zövqü üçün namusunu ləkələməyə dəyməz. Bir müddətlik kreslo üçün baş əyməyə, ayaq öpməyə, şəxsiyyətini sındırmağa dəyməz.
Gündəlik mənfəət üçün mənliyini satmağa, vicdanını susdurmağa dəyməz. Çünki itirilən pul yenə qazanılar, itirilən vəzifə yenə tapılar, amma itirilən şərəf bir daha geri qayıtmaz.
Bu dünya alver yeridir, kimisi vicdanını baha satır, kimisi isə yoxsul qalmağı seçib ləyaqətini qoruyur. Əsl zənginlik malda-mülkdə deyil, insanın alnının açıq, başının dik qalmasındadır. İnsan özünə hörmətini itirdiyi gün, başqalarının hörmətinə möhtac qalır.
Unutma ki, haqsızlıqla yüksələn tez düşər. Yalanla qazanan utancla yaşayar. Vicdanını itirən isə hər şeyini itirmiş sayılar.
Düz olmaq bəzən bahalıdır, tənhalıq bahasına, itkilər bahasına, səssizlik və səbir bahasına… Amma əyrilik daha bahalıdır, çünki onun ödənişi ruhla edilir.
Düz ol.
Düz yaşa.
Sözünlə əməlin eyni olsun. Arxandan deyilənlərdən yox, vicdanından utan. Çünki bu dünyada hər şey fanidir, vəzifə də, ad da, ad-san da. Əbədi olan yalnız əməldir.
Hər şeyin sahibi Allahdır.
Verən də Odur, alan da.
Kiminsə qarşısında əyilmə, çünki səni də, onu da yaradan birdir. Şərəfli yaşa ki, ölərkən başın dik, adın təmiz qalsın. İnsan kimi yaşa, çünki bu həyatda ən böyük qalibiyyət, insan olaraq qala bilməkdir.
Əli İbrahimov