Hər şey İranı qorxutmağa və ABŞ-ın ultimatumunu qəbul etməyə hesablanıb

Bu həftə İran ətrafında baş verən bəzi maraqlı hadisələr:

🔹Tramp İranla bağlı Kemp-Deviddə hərbi liderlərlə görüş keçirir.

🔹Görüşdən sonra Tramp daha sonra İsrailin baş naziri Netanyahu ilə danışır.

🔹Netanyahu təhlükəsizliklə bağlı İsrail Nazirlər Kabinetinin iclasını çağırır.

🔹İclasdan sonra Netanyahu bəyan edib ki, İran uranın zənginləşdirilməsi texnologiyasından tam imtina etməsə, onun nüvə obyektləri darmadağın ediləcək.

🔹Böyük Britaniyanın Dəniz Ticarət Mərkəzi Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzində gərginliyin artması ilə bağlı dəniz xəbərdarlığı edir.

🔹ABŞ İraqdakı səfirlik əməkdaşlarının tam təxliyə edilməsinə başlayır, Bəhreyn və Küveytdəki səfirliklərinin əməkdaşlarının ailə üzvlərinin və ikinci dərəcəli əməkdaşların müvafiq ölkələri tərk etmələrinə icazə verir.

🔹ABŞ İran raketlərinin təsir dairəsinə düşən Orta Şərq, Şimali Afrika və Şərqi Avropa ölkələrindəki səfirliklərinə risklərin azaldılması üzrə tədbirlər planları hazırlayıb, Vaşinqtona göndərməyi tapşırır.

🔹ABŞ-ın müdafiə naziri Pit Heqset Amerikanın Orta Şərq hərbi bazalarında yerləşən hərbçilərinin ailə üzvlərinin müvafiq ölkələri könüllü şəkildə tərk etməsini tövsiyə edir.

🔹Bir neçə gündür NATO-nun uzaq radiolokasiya kəşfiyyatı və idarəetmə təyyarəsi Türkiyə üzərində uçur. Ehtimal edilir ki, İran ərazisində yerləşən HHM, RHM, hərbi aviasiya və nüvə obyektlərinin dəqiqləşdirilmiş kəşfiyyatı aparılır.

🔹Trampın uranın zənginləşdirilməsini tam dayandırmaq barədə 2 ay əvvəl İrana verdiyi ultimatumun müddəti bu həftə bitir.

🔹İran Trampın ultimatumunu qəbul etmir.

🔹MAGATE Rəhbərlər Şurası 20 il ərzində ilk dəfə olaraq İranın nüvə təhlükəsizliyi üzrə öhdəliklərinə əməl etmədiyini bəyan edən qətnamə qəbul edir.

🔹İran ölkəsinə hücuma qarşı cavab tədbirləri hazırlayır və müvafiq rəsmi bəyanatlar verir.

Elə səs-küy yaradılıb ki, sanki bir həftə – ABŞ vətəndaşları təxliyə edildikdən sonra istənilən vaxt İrana kütləvi raket-bomba zərbəsi endirilə bilər.

Məncə isə, bu Netanyahu və Trampın birgə blefidir. İran 1978-ci ilin İraqı deyil ki, İsrail onun reaktorlarını cəzasız partlada bilsin. Əgər İsrail cəzasız qalacağına əmin olsaydı, heç bir ölkənin və BMT-nin narazılığını nəzərə almadan çoxdan bunu edərdi.

Yəqin ki, Rusiya və Çin mütəxəssisləri də İrana gəlib, səbirsizliklə F-35-ləri gözləyirlər ki, onların 5-10-nu vurub, ABŞ-ın bu təyyarələr ətrafında yaratdığı əfsanəni puç etsinlər və ABŞ silah satışının ən böyük gəlir gətirən hissəsini ələ keçirsinlər.

Bu müharibə Rusiya, elə İran üçün də göydəndüşmə olardı. Müharibə başlasa, ABŞ Körfəz ölkələrindəki bazalarından istifadə etməyə məcbur olacaq – ən azı yanacaqdoldurma təyyarələrinə görə. Bu halda İran, əvvəlcədən xəbərdarlıq etdiyi kimi, körfəz ölkələrinin neft-qaz obyektlərini partladacaq. Hörmüz boğazı bağlanacaq. Bu da dünyada neft və qaz qiymətlərinin kəskin qalxmasına səbəb olacaq.

İsrail İranın cavab zərbəsinin qarşısını ala bilməyəcək. Deməli, nə qədər ki, İran raketlərindən etibarlı müdafiə sistemi qurmayıb, İsrailin bu hücumu başlaması real deyil.

ABŞ-ın Orta Şərqdəki bazaları raket hücumları qarşısında acizdirlər, bu bazalarda heç İsraildəki müdafiə sistemləri də yoxdur. Deməli, müharibə başlayarsa, ABŞ həm də çoxlu hərbçi və bahalı texnika itirə bilər. 2026-cı il aralıq seçkiləri qabağı Tramp üçün bu ölümcül zərbə ola bilər.

Məntiqlə, İrana hücum olmamalıdır. Hər şey İranı qorxutmağa və ABŞ-ın ultimatumunu qəbul etməyə hesablanıb. Amma…

Netanyahu da, Tramp da əksər hallarda məntiqlə hərəkət etmirlər… Hər şey ola bilər.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights