Həqiqət heç zaman dəyişməyəcək

İnsanın dünyasını dəyişməsindən sonra onun haqqında danışmaq hər dövrdə həssas mövzu olub. İslam dini mərhumun arxasınca yaxşı söz deməyi, ruhuna dua etməyi, yaxınlarının qəlbini incitməməyi tövsiyə edir. Allah Rəsulu Hz. Məhəmməd (s) buyurur: “Ölüləri yalnız xeyirlə yad etmək lazımdır”. Çünki insan bu dünyadan köçdükdən sonra əməl dəftəri bağlanır və onun aqibətinə yalnız Allah hökm verir.

Xristianlıqda da oxşar baxış var. Ölən adamın arxasınca dua edilir, Tanrıdan mərhəmət dilənir, amma heç kim onun qəti şəkildə cənnətlik və ya cəhənnəmlik olduğunu söyləməz.

Qədim türklərin dünyagörüşündə də ölənlərin ruhuna hörmət əsas qaydalardan biri olub. Bu baxımdan İslamda, xristianlıqda və qədim Türk inancında ortaq məqam mərhumu hörmətlə anmaqdır.

İnsan dünyasının dəyişəndən sonra bu dünyada etdikləri əməllərinə görə cavab verir. Ölənin ardınca dua edib-etməmək isə hər kəsin öz iradəsinə bağlıdır. Kimsə özünü dua etməklə mükəlləf bilirsə, ölən birinin arxasınca dua etməməyə görə də kimsə başqalarını günahlandıra, qınaya bilməz.

Burada bir mühüm məqamı da qeyd etməyə ehtiyac yaranır. Bir çox hallarda ölən insanın aqibəti barədə danışan insanların onun “mütləq cəhənnəmlik olduğu” barədə hökm verir. Bu əməl əslində, Allahın səlahiyyətini öz üzərinə götürməkdir. Axirətdə kiminsə hansı məqama yüksələcəyini yalnız Yaradan bilir. İnsan isə gördüyü əməllərə əsasən ümid və ya qorxu ifadə edə bilər. Məsələn, yaxşı işləri ilə tanınan bir şəxs barədə “Allahın mərhəmətinə ümid edirik” demək olar. Allah dostlarının çoxu dua edərkən Allahdan insanlara ədaləti ilə deyil, mərhəməti ilə rəftar etməsini diləyər. Çünki Allah ədalətini göstərdiyi yerdə çoxumuz bu ədalətin təcəlləsinin ağırlığına tab gətirə bilmərik. Çünki bilərəkdən, yaxud bilməyərəkdən haqqına girib, qəlbini sındırdığımız o qədər insan var ki… Allahdan bağışlanmasını istəyənlər gərək ilk növbədə həmin zərər çəkmiş insanlardan halallıq alsın. Bu hallalığı almadan dünyadan köçməyi Allah heç kimə göstərməsin.

İnsanın vəfatından sonra onun ardınca deyilən hər söz təkcə mərhumun deyil, eyni zamanda onun ailəsinin, övladlarının, dostlarının da qəlbinə toxunur. Əgər mərhum haqqında mənfi sözlər işlədilərsə, bu, onun sevdikləri üçün ikinci bir itki kimi hiss oluna bilər. Onsuz da ağır bir dərd yaşayan yaxınlarını qınamaq, günahlandırmaq və ya mərhumun ünvanına acı sözlər demək onların yarasını daha da dərinləşdirir.

Bu yerdə bir sual da aktual ola bilər. Əgər bir insan bu dünyada zalımlıq edibsə, öləndən sonra etdikləri barədə danışmaq da qadağandırmı? Din bu suala da aydınlıq gətirir. Dünyadan köçən insan həyatda olduğu zaman başqalarına zülm edibsə, o zaman onun həmin əməllərini söyləmək olar. Çünki bu, tarixə və cəmiyyətə dərsdir. Bu cür əməlləri edib dünyasını dəyişən insanın əməllərini isə ibrət üçün xatırlatmaq ən ədalətli yanaşmadır. Bir zalım haqqında həqiqəti demək cəmiyyətin yaddaşını diri saxlamaq üçün vacib ola bilər. Amma bunu şəxsi kin və nifrətlə deyil, ədalət naminə etmək gərəkdir.

Unutmaq olmaz ki, dünyasını dəyişmiş insan artıq özünü müdafiə edə bilmir. Onun haqqında nə danışsaq, bir həqiqət heç zaman dəyişməyəcək: Ölüm var! Bu həqiqəti sağlığında dərk edə bilən insan xoşbəxt insandır.

Rəsul MİRHƏŞİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights