GÜNEY AZƏRBAYCAN TÜRK DÖVLƏTİ VƏ MİLLİ HÖKUMƏT

ELAZ.İNFO

Dövlət – xalqın suveren iradəsinin, milli kimliyinin, torpağının, dilinin, qanunvericiliyinin və siyasi müstəqilliyinin ali təcəssümüdür.
O, millətin əbədi hüquqi və siyasi varlığıdır.
Dövlət bir şəxsin, partiyanın və ya ideologiyanın mülkiyyəti deyil, bütöv millətin ortaq iradəsidir.

Milli dövlətin əsas sütunları bunlardır.

Millət-Dövlətin yaradıcısı və sahibidir.

Ərazi-Dövlətin maddi varlığı və sərhədidir.

Suverenlik-Dövlətin daxili və xarici müstəqilliyinin təminatıdır.

Qanun:-Dövlətin nizamı və ədalət sisteminin bünövrəsidir.

Güney Azərbaycan Türk Dövləti, xalqımızın tarixi iradəsi və milli azadlıq uğrunda mübarizəsinin nəticəsində bərpa olunacaq milli varlıqdır.
Bu dövlətin təməl dəyərləri Türklük, Azadlıq və Ədalət prinsipləri üzərində qurulacaqdır.

Dövlət dəyişməz və daimi bir varlıqdır. Hökumətlər dəyişə bilər, rejimlər dəyişə bilər, amma dövlət – millətin ruhu və varlığı kimi əbədi qalır.

HÖKUMƏTİN MAHİYYƏTİ

Hökumət – dövlətin qanunlarını, qərarlarını və milli siyasətini həyata keçirən icraedici orqandır.
O, müvəqqəti, dəyişkən və hesabatlı bir idarəetmə mexanizmidir.

Hökumət xalqın mandatı ilə fəaliyyət göstərir və dövlətin qanunlarına tam şəkildə tabedir.
Onun varlığı dövlətin qüvvəsindən, legitimliyi isə xalqın etimadından qaynaqlanır.

Hökumətin vəzifəsi:

Dövlətin qanunlarını həyata keçirmək;

Millətin rifahını qorumaq;

Ədaləti təmin etmək;

Dövlətin davamlılığını və təhlükəsizliyini qorumaqdır.

Hökumət dövlətin sahibi deyil, dövlətə xidmət edən mexanizmdir.
O, millətə hesabatlı, dövlətin prinsiplərinə sadiq və xalqın iradəsinə tabe orqan olmalıdır.

DÖVLƏT VƏ HÖKUMƏT ARASINDA FƏRQİN İSTİQLALÇI ŞƏRHİ

Dövlət – xalqın tarixi varlığı, hökumət – o varlığın idarəedici formasıdır.

Dövlət – əbədidir, hökumət – dövri və müvəqqətidir.

Dövlət – xalqın mülkiyyətidir, hökumət – xalqın xidmətçisidir.

Dövlət – milli ruhun və torpağın qoruyucusudur, hökumət – qanunların icraçısıdır.

Dövlət – varlığın əsasıdır, hökumət – o varlığın əməlidir.

İSTİQLAL SONRASI GÜNEY AZƏRBAYCAN MODELİ

Güney Azərbaycan Türk Dövləti bərpa edildikdən sonra onun hüquqi və siyasi əsaslarına uyğun olaraq Milli Hökumət formalaşacaqdır.
Bu hökumət xalqın iradəsi, parlamentin mandatı və qanunun ali hakimiyyəti üzərində qurulacaq.

Hökumətin fəaliyyəti millət qarşısında şəffaf, məsuliyyətli və hesabatlı olacaq.
O, dövlətin təməl prinsiplərinə – Türklük, Azadlıq və Ədalət ideologiyasına sadiq qalacaq.

Beləcə, dövlət əbədi milli varlıq, hökumət isə o varlığa xidmət edən idarəetmə orqanı kimi fəaliyyət göstərəcəkdir.
Bu fərqin qorunması Güney Azərbaycanın gələcək müstəqil idarəetmə sisteminin sabitliyini təmin edəcəkdir.

RƏSMİ BƏYANNAMƏ

“Dövlət – xalqın ruhudur, onun tarixi səsi və əbədi kimliyidir.
Hökumət – bu ruhun gündəlik həyata keçmiş formasıdır.
Bizim məqsədimiz əvvəlcə milli dövlətimizi qurmaq, sonra isə o dövlətin qanunlarına əsaslanan milli hökuməti yaratmaqdır.
Dövlət əbədi qalacaq, hökumətlər dəyişəcək,
amma millət və dövlət ideyası – sonsuza qədər yaşayacaq.”

Rıza Qaraçay
Güney Azərbaycan Milli Məşvərət Şurası – İstiqlalçılar Cəbhəsi

Bizimlə oxuyun
Verified by MonsterInsights