Güney Azərbaycan Türk Cümhuriyyəti – Tarixi Zərurət və Milli Haqq

ELAZ.İNFO

Güney Azərbaycan Türk Milləti yüz ildən artıqdır ki, dövlətçilik haqqından məhrum edilmiş, siyasi iradəsi zorla əlindən alınmış, dili, kimliyi və tarixi sistemli şəkildə inkar olunmuş bir millətdir. Bu vəziyyət nə təsadüfdür, nə də tarixin “təhlükəsiz axarı”. Bu, planlı bir işğalın, mərkəzçi və assimilyasion siyasətin nəticəsidir.

Türk milləti tarix boyu aclıq görüb, sürgün görüb, qırğınlar yaşayıb. Amma bir həqiqət heç vaxt dəyişməyib: Türk dövlətsiz qalanda yox olur. Məhz bu səbəbdən Güney Azərbaycan Türk Cümhuriyyəti bir şüar deyil, romantik arzu deyil – tarixi və siyasi zərurətdir.

Bu gün İran adlanan siyasi konstruksiya çoxmillətli bir coğrafiyada yalnız bir kimliyi dövlət kimliyi kimi qəbul edir. Digər xalqlar isə ya inkar edilir, ya da “təhlükə” kimi təqdim olunur. Güney Azərbaycan Türk Milləti bu sistem daxilində nə bərabər hüquqa, nə real siyasi təmsilçiliyə, nə də gələcəyini müəyyən etmə imkanına sahibdir.

Federalizm, islahat, mərkəz daxilində dəyişiklik kimi təkliflər artıq tarixi sınaqdan keçmiş və iflasa uğramış modellərdir. Son yüz ilin təcrübəsi açıq göstərir ki, bu coğrafiyada türk millətinin varlığını və təhlükəsizliyini yalnız öz dövləti təmin edə bilər.

Güney Azərbaycan Türk Cümhuriyyəti: -Milli kimliyin qorunmasının yeganə təminatıdır.Dilin, mədəniyyətin və tarixin yaşamasının zəmanətidir.Regional sabitliyin və ədalətli siyasi düzənin əsas şərtidir.Türk millətinin kollektiv ləyaqətinin bərpasıdır

Bu gün məsuliyyət hər bir aydın düşüncəli Güney Azərbaycan Türkünün üzərindədir. Tarix bizi seyirçi kimi deyil, subyekt kimi çağırır. Heç kim kənardan gəlib bizim azadlığımızı hədiyyə etməyəcək. Bu yol yalnız milli iradə, təşkilatlanma və aydın istiqlal xətti ilə mümkündür.

Unutmayaq:
Türk ac qalır, susuz qalır – lakin dövlətsiz qalmaz.

Bu gün Güney Azərbaycan Türk Cümhuriyyəti ideyası artıq bir fikir deyil. O, formalaşan milli şüurun, tarixi hesablaşmanın və gələcək nəsillərə olan borcumuzun adıdır.

Rıza Qaraçay
Güney Azərbaycan Türk Milləti adına

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights