….Ümüd edirəm, halınız üç gün davam edən yağışda islanıb, pərişan qalmayıb.
Mənim ixtisasım gərəyi çevrə, yağıntı və sair ilə bağlı çox suallar alıram. Bəzən mənə özümü də gülümsədən suallar verirlər.
Məsələn, – “Son günlər Bakı və Abşerondakı yağıntıların ekologiyaya zərərləri nədir? Məsuliyət kimin üzərindədir?…”,- və s.
Mən də,- “Narahat olmayın, dediyiniz ekologiya yağışdan zərər yox, fayda görür”,- deyirəm.
-“Məsuliyət isə Tanrının üzərindədir, Bakı şəhər İcra Hakimiyyəti onu məhkəməyə vermək üçün axtarışa verib, deyirlər. Çünki bu dəfə də onları hazırlıqsız görüb, çox yağış yağdırıb(((“.
Bütün jurnalistlər günahkarı görə-görə axtarırlar.
…Rasim Balayevin ölümü ilə də cəmiyət rəhmət oxuyan və oxumayanlara parçalandı.
Mən anlamıram, aktyor oynadığı rolu yaşamırsa necə oynayır?
Axı bizlər uşaqlığımızda Nəsiminin həyatını eyni adlı filmə baxaraq, daha çox öyrəndik, şeirlərini əzbərlədik, Haqqa qovuşmaq üçün haqlıları qollayacaq, qucaqlayacaq, qoruyacağıq, dedik…
Aktyor isə günün birində çayxanada artıq canı sıxılmadığından rahat çay içib, Nəsimi, Babək, Beyrək olmadığını dilləndirir.
Öz tamaşaçısı olan,- Azərbaycanı, onun müstəqilliyini, demokratikləşməsini canı kimi sevən, arzulayan insanları amansızcasına xəyal qırıqlığına uğradır…
İndi də qalxıb, ona rəhmət toplamaq istəyənlər narazılıq edirlər(((.
…Əvəz Zeynallı və yüzlərlə onun kimi dəyərlər stressdən, sıxıntıdan xərçəngə yaxalanan dəyərlərimiz isə az qala linc edilirlər.
Biz hər zaman “düz əyrini kəsəcək” deyərək, dövlət zəkamızla seçki kampaniyalarımızı yürütdük. Otuz il parlamentdə susmuş adamı yenidən oraya oturdub, bizi məğlub elan edənlərin sayəsində indi millətin aldığı gerçək maaşa həqarətlə baxanların oturduğu bir iş yeri yaratdılar.
Biz yenə də dövlətimizi, millətimizi sevirik.
Aldığımız ailə tərbiyəsi və təhsilimiz gərəyi yenə də, – “ düz əyrini mütləq kəsəcək”, – deyirik.
Tanrıdan əziz dostum Əvəz bəyə şəfa diləyirəm.